Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
11 İyul, 2018 11:44 2295

Müdafiə Sənayesi Nazirliyində İsrail nümayəndə heyəti ilə görüş keçirildi

İyulun 11-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Nazir müavini Yəhya Musayev Yedidia Yaarini “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verdi. 

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında birgə həyata keçirilən layihə əsasında Azərbaycanda müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış “AZAD Systems” müştərək müəssisəsinin uğurlu fəaliyyətindən danışıldı.

Nümayəndə heyətinin başçısı Yedidia Yaari səmimi qəbula görə minnətdarlığını bildirdi.

Sonda Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalandı.