Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Fevral, 2023 15:08 1708

Müdafiə Sənayesi Nazirliyində “Heydər Əliyev İli” ilə bağlı forum keçirilib

Fevralın 17-də Müdafiə Sənayesi Nazirliyinin müəssisələrindən birində “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin şah əsəri - müstəqil və müasir Azərbaycanın lideri cənab İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müdafiə sənayesinin yeri və rolu” mövzusunda forum keçirilib.

Forumda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri cənab Mədət Quliyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, MSN-in Aparatının, tabeli birlik və müəssisələrinin rəhbər işçiləri, Vətən müharibəsi iştirakçıları və digər əməkdaşlar iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Daha sonra inzibati ərazidə yerləşən Şəhidlər abidəsinin önünə gül dəstələri düzüblər.

Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev Azərbaycanın dirçəlişi və inkişafının Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə başladığını, dövlət müstəqilliyinin məhz onun əvəzsiz xidmətləri sayəsində əbədi və dönməz xarakter aldığını qeyd edib. “Azərbaycan dünyada layiq olduğu mövqeyə bu dahi şəxsiyyətin müdrikliyi, qətiyyəti, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Özünün hərbi-siyasi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur”, - deyə o söyləyib.

Nazir vurğulayıb ki, Ulu Öndərin 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq və yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyub. Bu dövrdə milli gəlir, sənaye və kənd təsərrüfatında ümumi məhsulun həcmi dəfələrlə artıb, iqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki onilliklərdə olduğundan daha çox əsaslı vəsait qoyulub, yüzlərlə iri zavod və fabrik tikilərək işə salınıb. Həmin illərdə respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, hərbi təhsil və müdafiə sənayesi sahəsində də mühüm işlər görülüb. Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin əsasını təşkil edən və ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən geniş profilli müəssisələrin yaradılmasına nail olunub. Hələ o illərdə bu işlər görülərkən Heydər Əliyev Azərbaycanın gələcəyini və bugünkü müstəqilliyini düşünüb.

Mədət Quliyev 2003-cü il oktyabrın 15-də Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı cənab İlham Əliyevin xalqımızın mütləq etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin öz inkişafında yeniləşmə və müasirləşmə mərhələsinə qədəm qoyduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin, qeyd olunub ki, iqtisadi inkişafın təmin olunması, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığının azaldılması məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradılıb, bundan sonra müdafiə sənayesinin yerli imkanlarının inkişaf etdirilməsi üzrə mövcud müəssisələrin fəaliyyətinin yenidənqurma proqramları hazırlanaraq prioritet sahələr müəyyən edilib.

Müdafiə Sənayesi Nazirliyinin 2020-2021-ci illər ərzində təsərrüfat fəaliyyətinin təhlili göstərir ki, ixrac əməliyyatları ümumi istehsal həcminin 60 faizini, 2022-cü ildə isə 62 faizini təşkil edib. Bu tendensiyanın artımı Dövlət Müdafiə Sifarişi Proqramının hər il 100 faizi həcmində icra edilməsi ilə müşayiət olunur. Bundan başqa, müdafiə sənayesi müəssisələrinin inkişaf prioritetlərindən biri də, istehsal olunacaq məhsulun ixracının artırılması ilə həmin müəssisələrin büdcə asılılığının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaqdır. Bu məqsədlə müəssisələrdə böyük tələbata malik məmulatların istehsalının genişləndirilməsi, 2030-cu ilədək olan dövrdə yeni yüksək texnologiyalara və süni intellektə əsaslanan istehsal sahələrinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən Forum iştirakçıları qeyd ediblər ki, son illərdə, xüsusilə 2020-ci ildə Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan üçün milli müdafiə sənayesinin inkişafının müstəsna əhəmiyyəti vardır. Yaxın gələcəkdə bu əhəmiyyət daha da artacaq, ölkəmizin əsas milli prioritetlərindən biri olaraq qalacaqdır. Ötən dövr sübut etdi ki, milli müdafiə sənayesi sektorunda texnologiyaların, xüsusilə rəqəmsal texnologiyaların inkişafı və tətbiqi son dərəcə vacibdir.

Müdafiə sənayesi sahəsində ixtisaslı kadrların yetişdirilməsinin əhəmiyyətini vurğulayan tədbir iştirakçıları süni intellektin, nanotexnologiyaların tətbiqinin hərbi sahədə yaratdığı üstünlüklərdən, kibertəhlükəsizlik sistemi, ağıllı texnologiyaların inkişafından, müdafiə sənayesi sahəsində kadrların hazırlanması və tədqiqatların aparılmasının vacibliyindən danışıblar.

Sonda Azərbaycanın müdafiə sənayesinin təşəkkülünə və inkişafına həsr edilmiş “Atəşdən yoğrulanlar” sənədli filmi nümayiş olunub.