Müdafiə Sənayesi Nazirliyində etik davranış qaydalarına dair növbəti treninq keçirildi
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 9-10-cu bəndlərində maraqların toqquşmasının qarşısının alınması və etik davranış qaydalarının təkmilləşdirilməsi ilə əlaqədar görüləcək işlər və nəticə indikatorları göstərilmişdir ki, onlardan biri də dövlət qulluqçularının etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə onlar üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kurslarının və treninqlərin təşkil edilməsidir.
Qeyd olunan tapşırığın icrası məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən mütəmadi olaraq treninqlər təşkil edilir.
Keçirilən növbəti treninqdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi kimi məsələlərə dair geniş müzakirələr aparıldı, dövlət qulluqçularının qeyd olunan məsələlərə daim məsuliyyət hissi ilə yanaşmasının vacibliyi vurğulandı.