Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində cari ilin 23 dekabr tarixində onlayn formatda Nazirliyin şöbə, sektor müdirlərinin eyni zamanda tabeli birlik və müəssisələrin aidiyyəti əməkdaşlarının iştirakı ilə Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə Nazirliyin aparat rəhbəri Zaur Əliyev çıxış edərək Azərbaycan dilinin zəngin dil olduğunu, dünya dilləri arasında axıcılığı və söz ehtiyatı baxımından özünəməxsus yer tutduğunu vurğulayaraq yeni dövrdə Azərbaycan dilinin inkişaf etdirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətlərinin olduğunu qeyd edib. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanları da məhz Ümummilli Lider Heydər Əliyevin dilimizin inkişafı ilə bağlı tarixi xidmətləridir.
Zaur Əliyev qeyd etmişdir ki, Azərbaycan ədəbi dilinin qorunması, inkişafı və düzgün tətbiq olunması dövlətimizin prioritet istiqamətlərindən biridir. Bu yönümdə xeyli işlər görülüb və görülməkdə davam edir. Son dövrlərdə bu sahədə atılan ən mühüm addımlardan biri də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli Sərəncamıdır. Sərəncamda dil və nitq mədəniyyətinin yüksəldilməsi, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi, dövlət orqanlarında Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi bir vəzifə kimi qarşıya qoyulub.
Tədbir zamanı müşavirə iştirakçıları qeyd olunan mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər. İlk növbədə Azərbaycan dilinin tarixi haqqında qısa məlumat verilərək qeyd olunub ki, Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən proses olmuşdur. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir və hazırda ünsiyyət vasitəsi kimi istifadə etdiyimiz dilin 1300 illik tarixi vardır.
Tədbirdə sənədlərin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanması və sənədləşmə işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun həyata keçirilməsi barədə Nazirliyin əməkdaşlarına müvafiq tövsiyyələr verilmiş, ədəbi dilin forma və mərhələləri, Azərbaycan ədəbi dilinin norma və üslubları, düzgün cümlə quruluşu, xüsusilə rəsmi yazışmalarda istifadə olunan rəsmi-işgüzar üslub, köməkçi nitq hissələri və durğu işarələrinin cümlədə düzgün istifadə olunması qaydaları barədə çıxışlar dinlənilib.
Sonda Nazirliyin əməkdaşlarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.