Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
21 İyul, 2023 14:57 704

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında elmi-texniki məhsulun hazırlanması və tətbiqi haqqında müqavilə imzalanıb

Müdafiə Sənayesi Nazirliyi və Bakı Dövlət Universiteti (BDU) arasında elmi-texniki məhsulun hazırlanması və tətbiqi haqqında müqavilə imzalanıb.

Müqaviləni müdafiə sənayesi naziri Mədət Quliyev və BDU-nun rektoru Elçin Babayev imzalayıblar.

Müqaviləyə əsasən, BDU Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında elmi-texniki məhsulun hazırlanması və istehsalata tətbiqi işinin təşkilinə dair xidmət göstərəcək.

Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müdafiə sənayesi sürətlə inkişaf edir, yerli müdafiə məhsullarının istehsalına xüsusi diqqət göstərilir. Yerli müdafiə sənayesini daha da inkişaf etdirmək üçün ölkənin elm müəssisələri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Bu baxımdan BDU ilə elmi-texniki məhsulun hazırlanması və tətbiqinə dair imzalanan müqaviləni əhəmiyyətli əməkdaşlıq adlandırmaq olar.

BDU-nun rektoru Elçin Babayev də imzalanan müqavilənin ölkəmizin müdafiə sənayesinin inkişafı üçün əhəmiyyətini qeyd edib. Rektor diqqətə çatdırıb ki, son illər BDU-da aparılan islahatlar nəticəsində elm-innovasiya-sənaye-istehsalat əlaqələri güclənib, tətbiq xarakterli tədqiqatların sayı çoxalıb. BDU-nun beş əsas prioretindən biri kimya və yeni materiallar istiqaməti üzrədir. BDU-da müdafiə sənayesi istiqamətində yeni ixtisasların açılması və kadr hazırlığının aparılması da nəzərdə tutulur. Rektor müqavilə əsasında hazırlanacaq elmi-texniki məhsulun keyfiyyətinin yüksək olacağını və ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.