Müdafiə Sənayesi Nazirliyi Türkiyənin İstanbul şəhərində keçiriləcək "İDEF-2015" sərgisində iştirak edəcək
May ayının 5-dən 8-dək Türkiyənin İstanbul şəhərində “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi və konfransı keçiriləcəkdir. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatların nümayişi məqsədilə müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaqdır.
Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 184 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcəkdir.
Sərgidə dünyanın 59 ölkəsindən 600-dən çox şirkətin iştirakı gözlənilir.
“İDEF-2015” sərgisi çərçivəsində Yavər Camalovun Türkiyənin və bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.