Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
10 Dekabr, 2020 17:30 888

Müdafiə Sənayesi Nazirliyi tərəfindən etik davranış məsələləri ilə bağlı görülmüş işlərə dair hesabat

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na və Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Müdafiə Sənayesi Nazirliyində onlayn treninq keçirilmişdir.
Treninqdə Nazirliyin Aparatında çalışan dövlət qulluqçuları üçün etik davranış qaydaları, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər, bununla bağlı tətbiq edilmiş intizam tənbeh tədbirləri, habelə korrupsiyaya qarşı mübarizə, dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi mövzularında və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi kimi məsələlərə dair geniş müzakirələr aparıldı. Bildirildi ki, hər bir dövlət qulluqçusu qeyd olunan məsələlərə daim məsuliyyətlə yanaşmalı, yarana biləcək qayda pozuntularına qarşı qabaqlayıcı tədbirlər görməlidir.

Etik davranış məsələləri ilə bağlı görülmüş işlərə dair
HESABAT

Azərbaycan Respublikasının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununa və Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nda nəzərdə tutulan və aidiyyəti üzrə icra edilməli olan təbdirlərin həyata keçirilməsi məqsədilə Nazirliyin 05.12.2018-ci il tarixli 98 nömrəli əmri ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Fəaliyyət Planı”, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 2020-ci il üçün İş Planı” 12.03.2020-ci il tarixli 21 nömrəli əmrlə təsdiq edilmişdir.

Digər tapşırıqlarla yanaşı adı çəkilən Fəaliyyət Planının 8.10.1-ci yarımbəndinə   (dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi)  və  Milli Fəaliyyət Planının 1.9-cu bəndinə əsasən (Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması - Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı görülmüş işlər barədə məlumatların rəsmi internet səhifələrində yerləşdirilməsi) müvafiq tədbirlər yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına və tövsiyyələrinə əsasən texniki imkanlar nəzərə alınaraq onlayn şəkildə həyata keçirilmişdir.

Belə ki, qeyd olunan tapşırıqların icrasının təmin edilməsi məqsədilə ötən illərdə olduğu kimi 2020-ci ildə də Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən dövlət qulluqçularının fəaliyyətlərinin təkmilləşdirilməsi üçün treninqlər keçirilmiş, maarifləndirmə işləri aparılmış, müxtəlif seminar-treninqlərində iştirakı təmin edilmişdir.

Nazirliyin Aparatında çalışan dövlət qulluqçuları üçün etik davranış qaydaları, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər, bununla bağlı tətbiq edilmiş intizam tənbeh tədbirləri, habelə korrupsiyaya qarşı mübarizə, dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi mövzularında və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimin keçirilməsi təmin edilmişdir.

 Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparatında təşkil edilmiş treninqdə korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi kimi məsələlərə dair müzakirələr aparılmışdır.

Qeyd olunanlarla yanaşı Nazirliyin struktur bölmələrinin rəhbərlərinə və əməkdaşlarına etik davranış qaydalarını tənzimləyən normativ hüquqi aktları öz fəaliyyətlərində rəhbər tutmaları tapşırılmış, etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

2020-ci il ərzində də Nazirlikdə calışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə əlaqədar hər hansı bir şikayət daxil olmamışdır.

Görülən işlərlə yanaşı Nazirliyin internet saytında etik məsələlər üzrə “Etik davranış” adlı xüsusi bölmə və qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizminin asanlaşdırılması məqsədilə “Etik şikayət” adlı alt bölmə öz fəaliyyətini davam etdirməkdədir.

Ümumiyyətlə, etik davranış qaydalarını tənzimləyən mövcud qanunvericilik aktları, digər aidiyyəti sənədlərlə birlikdə Nazirliyin internet saytının “Qanunvericilik” bölməsində təqdim edilmişdir.

Bundan başqa, Nazirliyin “Etik davranış qaydalarının uyğunluğuna  nəzarət  və onun təhlilini aparan məsul şəxsin (etik müvəkkilin) təyin edilməsi barədə” 28 fevral 2011-ci il tarixli, 21 nömrəli əmri ilə Nazirlikdə çalışan dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edən və onun təhlilini aparan məsul şəxs (etik müvəkkil) təyin edilmiş, ona Nazirliyin Aparatında çalışan dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməsi və bununla bağlı təhlillərin aparılması tapşırılmışdır.

Etik müvəkkil, normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq, etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq treninqlərin təşkil edilməsində, görülmüş işlərə dair illik hesabatların hazırlanmasında bilavasitə iştirak edir, etik davranış qaydaları ilə əlaqədar pozuntular və tətbiq edilən intizam tənbehi tədbirləri barədə ümumiləşdirilmiş məlumatlar hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim edir.