Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Dekabr, 2012 17:31 2507

Müdafiə Sənayesi Nazirliyi Təcrübə-sınaq zavodunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyi Təcrübə-sınaq zavodunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu.

Dövlət başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsdi və ümummilli lider Heydər Əliyevin zavodun həyətində  ucaldılmış abidəsinin önünə gül dəstəsi qoydu.

Sonra Prezident İlham Əliyevin iştirakı ilə müəssisənin inzibati binasında yaradılmış Heydər Əliyev Muzeyinə baxış oldu. Ümummilli lider Heydər Əliyevin büstünün qoyulduğu muzeydə ulu öndərin ölkəmizdə ordu quruculuğuna verdiyi töhfələr, eləcə də Prezident İlham Əliyevin ordunun və müdafiə sənayesinin inkişafına göstərdiyi diqqət və qayğı geniş əks olunmuşdur.

Daha sonra müəssisənin inzibati binasının tədris otağında yaradılmış şəraitlə tanışlıq oldu. Nazir Yavər Camalov 2012-ci ildən etibarən Müdafiə Sənayesi Nazirliyinin sifarişi ilə Azərbaycan Texniki Universitetində Xüsusi texnika və texnologiya fakültəsinin yaradıldığını bildirdi. Qeyd etdi ki, yetmiş dörd tələbənin təhsil aldığı fakültədə silah və silah sistemləri istehsalı texnologiyası, optotexnika, priotexniki vasitələrin texnologiyası, çoxkanallı radioreleli troposfer rabitənin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, kompozisiya materiallarının, müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı ixtisasları tədris olunur.

Respublika Prezidentinə müəssisə ilə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, zavod 1990-cı ildə Bakı Aviasiya İstehsalat Birliyinin “Klimat” Konstruktor Bürosu kimi fəaliyyətə başlamışdır. Sovet İttifaqının süqutundan sonra müəssisənin fəaliyyəti məhdudlaşmışdır. Zavodun yenidən qurulmasında əsas məqsəd atıcı silahların, o cümlədən avtomatların, pulemyotların, snayper tüfənglərinin yaradılması, modernləşdirilməsi və kütləvi istehsalın təşkili istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması, xüsusi standartlara uyğun sınaq metodikaları və proqramlarının tələblərinə cavab verən nümunələrin hazırlanmasından ibarətdir.

Konstruktor Bürosunun fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra büronun işi təkmilləşdirilmiş, bənzəri olmayan ilk milli “İstiqlal” snayper tüfənginin yaradılması başa çatdırılmış və istehsalı təmin edilmişdir. Hazırda burada “İstiqlal-2”, “İstiqlal-4”, “İstiqlal-1T”, “Şimşək-9” və digər müdafiə təyinatlı silahlar sınaqdan keçirilir. Respublika Prezidentinin verdiyi tapşırıqların icrasının təmin edilməsi ilə əlaqədar müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün Konstruktor Bürosunun fəaliyyət çevikliyi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə konstruktorların daha məhsuldar çalışmalarını təmin edən yeni inzibati bina və müasir istehsal, sınaq nümunələrini yığma sahələri yaradılmış və digər zəruri vasitələrlə təmin edilmişdir. Konstruktor Bürosu da müasir avadanlıqla təmin olunmuşdur. Burada proqramla idarə olunan 3 və 4 koordinatlı frez və torna emal mərkəzləri, universal frez, lazer həkketmə və lazer erroziya dəzgahları qurulmuşdur.

Prezident İlham Əliyev müəssisədə layihələndirilən və hazırlanan müşahidə cihazları, zirehli texnika və atıcı silahlara baxdı. Məlumat verildi ki, zavodda hazırlanan xüsusi təyinatlı “Gürzə” patrul maşını 2,5 ton yükgötürmə qabiliyyətinə malikdir. Ən son yeniliklərlə təchiz olunan bu maşın “Toyota HİLOYX 12” modelinin bazasında yaradılmışdır və yalnız Azərbaycanda yığılır.

Dövlət başçısı sükan arxasına əyləşib xüsusi təyinatlı “Gürzə” patrul maşınını idarə etdi.

Eyni zamanda bildirildi ki, 2012-ci ildə Müdafiə Sənayesi Nazirliyi tərəfindən 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilə bağlanılmışdır. Bu ilin nəticələrinə görə, istehsal olunan və sifarişçilərə təhvil veriləcək müdafiə təyinatlı məmulatın həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaqdır. Nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı isə 700-ə çatdırılmışdır.

Müəssisə ilə yaxından tanış olan Respublika Prezidenti İlham Əliyev zavodda yaradılmış şəraitdən razı qaldığını bildirdi, kollektivə müvafiq tövsiyə və tapşırıqlarını verdi.