Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
22 Noyabr, 2023 18:00 1073

Müdafiə Sənayesi Nazirliyi SPECA ölkələrinin sərgisində iştirak edir

Noyabrın 22-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində "SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgi öz işinə başlayıb.

Azərbaycanın xüsusi təşəbbüsü ilə SPECA-nın yaradılmasının 25 illiyinə həsr edilən sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.

SPECA üzvü olan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Azərbaycan stendlərinin yer aldığı sərgidə tibb, sənaye, qida, tekstil, kənd təsərrüfatı və texnoloji sistemlərə dair məhsullar təqdim olunur.

Azərbaycan iqtisadiyyatının inkişafını əks etdirən vahid stendin sənaye bloku üzrə müdafiə sənayesi guşəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 88 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yerli istehsalımız olan müdafiə sənayesi məhsulları haqqında məlumat verib.

Qeyd edək ki, bugünkü tədbirdə ilk dəfə olaraq 44 günlük Vətən müharibəsində şəhid olmuş Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Ağaəmi Heybətovun adının baş hərflərini daşıyan AH-12,7 iri çaplı pulemyot sərgilənir.