Müdafiə Sənayesi Nazirliyi gəncləri mükafatlandırıb
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Gənclər Fondunun müraciəti əsasında, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisində keçirilən “Yay Fest - Dəmir Yumruq - 2022” düşərgəsində təbii landşaft şəraitində Müdafiə Sənayesi Nazirliyi tərəfindən (MSN) tabeli birlik və müəssisələrdə istehsal olunan müxtəlif növ silahların, sursatların və Pilotsuz Uçuş Aparatlarının xüsusi sərgisi təşkil edilmişdi.
Sərgi çərçivəsində gənclər arasında elektron trenajorda sərrast atıcılıq üzrə yarışların qalibləri MSN-ə dəvət olunaraq mükafatlandırılıblar.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, yarışın qalibləri və digər qonaqlar gənclərin dövlətə sədaqət və vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam və savadlı vətəndaş kimi yetişməsi işində Müdafiə Sənayesi Nazirliyinin hər zaman yaxından iştirak etdiyini və sanballı töhfələr verdiyini xüsusi qeyd ediblər.
Gənclər onlarla bağlı dövlət tərəfindən həyata keçirilən təşəbbüslərə, proqramlara və layihələrə daim diqqət göstərdiyinə və dəstək verdiyinə görə müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra yarışın qalibləri - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsi Qəmər Mustafa, Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi Fazil Umudzadə və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi Eltac Rəşidzadəyə müvafiq olaraq ilk üç yerdə qərarlaşdıqlarına görə Müdafiə Sənayesi Nazirliyinin diplomları təqdim olunub.