Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının peşə bayramı münasibətilə tədbirlər keçirilib
17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbirlər təşkil olunub.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev və nazirliyin kollektivi Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva, görkəmli dövlət və elm xadimi Əziz Əliyev və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarları ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Nazirliyin kollektivi Şəhidlər xiyabanına gedərək Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
MSN-in müəssisələrindən birində davam edən geniştərkibli tədbirdə iştirakçılar zavodun ərazisində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, Heydər Əliyev muzeyi, həmçinin MSN-in bir sıra məhsullarının nümayiş olunduğu sərgi ilə tanış olublar.
Tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himni ilə başlayıb. Ardınca Azərbaycanın müdafiə sənayesinin inkişafına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Çıxış edən müdafiə sənayesi naziri Vüqar Mustafayev nazirliyin kollektivini peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.
O, ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müdafiə sənayesinin inkişafının Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Nazir MSN-in yaradılmasından keçən 18 il ərzində bugünədək görülmüş işlər, həyata keçirilmiş layihələr, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar, nazirliyin ölkənin iqtisadi və hərbi potensialının, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə verdiyi töhfələrdən danışıb.
V.Mustafayev müdafiə sənayesinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, bu sahənin gələcəkdə daha da müasir tələblərə uyğunlaşdırılacağı, yeni müdafiə sənayesi sahələrinin formalaşdırılacağı və investisiya istiqamətləri üzrə aparılan işlərin genişləndiriləcəyini bildirib.
Daha sonra əmək veteranı Səlahəddin Əsgərov və şəhid anası Zümrüd Hüseynova çıxış ediblər.
Tədbirin sonunda Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan bir qrup əməkdaşa "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı, fəxri fərman, döş nişanı, qiymətli hədiyyə və pul mükafatları təqdim edilib.