Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
14 Aprel, 2008 16:00 1886

Müdafiə Sənayesi naziri Yavər Camalov İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış etdi

Nazir Yavər Camalov çıxışı zamanı qısa müddət ərzində fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyinin yaranma tarixi, strukturu və fəaliyyəti barədə məlumat verərək bildirdi ki, Azərbaycanda müdafiə sənayesinin əsası hələ 70-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də bu siyasət respublika prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə inkişaf etdirilir.

Respublikanın müharibə şəraitində yaşamasını nəzərə alaraq, ölkənin müdafiə qüdrətinin artırılması məqsədi ilə regionda ilk dəfə olaraq Azərbaycanda yaradılan Müdafiə Sənayesi Nazirliyini aparılan məqsədyönlü siyasətin bariz nümunəsi kimi qiymətləndirən nazir Yavər Camalov nazirlik tərəfindən qısa müddət ərzində əldə olunmuş uğurları ölkə başçısının bu sahəyə ayırdığı xüsusi diqqət və qayğı nəticəsində əldə edildiyini qeyd etdi.

Respublikanın müdafiə qüdrətinin möhkəmləndirilməsi və kənardan asılılığının azaldılması istiqamətində 2008-ci ilin birinci rübündə nazirlik tərəfindən aparılan işlərin müvəffəqiyyətlə icra olunduğunu qeyd edən nazir əminlik hissi ilə bildirdi ki, Müdafiə Sənayesi Nazirliyinin kollektivi respublika prezidenti cənab İlham Əliyevin etimadını doğruldaraq, ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirəcəkdir.