Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
11 Oktyabr, 2021 17:00 1317

Müdafiə sənayesi naziri Mədət Quliyevin "Partner-2021” sərgisi çərçivəsində Serbiyanın müdafiə naziri ilə görüşü baş tutub

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti 11-14 oktyabr tarixlərində Belqrad şəhərində keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisində iştirak etmək üçün Serbiya Respublikasında səfərdədir.

“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi iki ildən bir Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və s. nümayiş etdirilir.

Sərginin ilk günü Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiya Respublikasının müdafiə naziri Nebojsa Stefanoviçlə görüşü baş tutub. Görüş zamanı mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası Höküməti və Serbiya Respublikası Höküməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Səfər çərçivəsində Mədət Quliyevin “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri cənab Yuqoslav Petkoviç ilə də görüşü nəzərdə tutulub. Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi öz işini oktyabrın 14-dək davam etdirəcək.