Müdafiə sənayesi naziri Mədət Quliyevin “MİLEX-2021” sərgisində Dmitri Pantus ilə görüşü baş tutub
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin iştirak etdiyi Minsk şəhərində keçirilən “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi davam edir. Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Belarus Respublikasının müdafiə sənayesi komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.
Görüş zamanı nazir son illərdə ölkəmizdə hərbi quruculuq istiqamətində aparılan irimiqyaslı islahatlar çərçivəsində Ordumuzun maddi-texniki bazasının xeyli inkişaf etdiyini, döyüş hazırlığı səviyyəsinin yüksəldiyini xüsusilə vurğulayıb. Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını D.Pantusun diqqətinə çatdıran Mədət Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən və hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərindən söz açıb. Görüş Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.
Görüşdən məmnunluğunu bildirən Dmitri Pantus bu cür müzakirələrin ikitərəfli hərbi əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını qeyd edərək, Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini ifadə edib.
İyunun 26-dək davam edəcək sərgi çərçivəsində hərbi-texniki sahədə birgə layihələrin gerçəkləşdirilməsi məqsədilə digər iştirakçı dövlət və hökumət nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.