Müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin nümayəndə heyətini qəbul edib
2 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şekerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Mədət Quliyev qonaqların diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Azərbaycan və Türkiyənin bir çox sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də daim yaxından əməkdaşlıq etdiklərini bildirən nazir Mədət Quliyev 44 günlük Vətən müharibəsi dövründə qardaş ölkənin dövlətimizin yanında olduğunu, qazandığımız böyük Zəfərdə Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyin böyük rol oynadığını vurğulayıb. Nazir eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.
Görüşdə hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.
Sonda Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şeker səmimi qəbula görə nazir Mədət Quliyevə təşəkkürünü bildirib. Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.