Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Fevral, 2021 16:00 1548

Müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikası Kosmik Agentliyinin nümayəndə heyətini qəbul edib

17 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikası Kosmik Agentliyinin Prezidenti Serdar Yıldırım Hüseynin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev qonaqların diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Məqsədi iki ölkənin kosmik tədqiqatları haqqında məlumat mübadiləsi, o cümlədən qarşılıqlı əlaqələrin qurulmasından ibarət olan görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.

Sərdar Yıldırım Hüseyn səmimi qəbula görə nazir Mədət Quliyevə təşəkkürünü bildirib. Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.