Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 İyul, 2023 14:00 599

Müdafiə sənayesi naziri Mədət Quliyev Qırğız Respublikasının müdafiə nazirini qəbul edib

İyulun 7-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının müdafiə naziri Bekbolotov Baktıbek Asankaliyeviçin rəhbərlik etdiyi nümayəndə heyətini və Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Osmonaliyev Kayrat Mederbekoviçi qəbul edib.

Müdafiə sənayesi naziri Mədət Quliyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

M.Quliyev Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını qeyd edib, MSN-in bugünədək böyük inkişaf yolu keçdiyini qonaqların diqqətinə çatdırıb.

Görüş zamanı nazir türk xalqlarının həmrəyliyinin əhəmiyyətini vurğulayıb, Azərbaycan və Qırğızıstan arasında müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq perspektivləri olduğunu və bu işgüzar səfərin iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişafına önəmli töhfələr verəcəyinə əminliyini bildirib.

Səmimi qəbula görə təşəkkür edən Qırğız Respublikasının müdafiə naziri Bekbolotov Baktıbek Asankaliyeviç gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə inandığını diqqətə çatdırıb.