Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
13 Aprel, 2022 15:00 841

Müdafiə sənayesi naziri Mədət Quliyev Pakistan İslam Respublikasının ölkəmizdəki səfirini qəbul edib

Aprelin 13-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Hayeni qəbul edib.

Müstəqillik qazandıqdan sonra Azərbaycanın suverenliyini tanıyan ilk ölkələrdən birinin Pakistan İslam Respublikası olduğunu vurğulayan nazir Mədət Quliyev, bu əməkdaşlığın əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Görüş zamanı Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən həmsədri, Azərbaycanın müdafiə sənayesi naziri  Mədət Quliyev və səfir Bilal Haye 01-02 dekabr 2021-ci il tarixlərində Bakı şəhərində keçirilən  Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının 7-ci iclasından bəhs edərək, iclas zamanı qəbul edilmiş əməkdaşlıq sahələri ətrafında müzakirələr aparıblar. Müzakirələr zamanı müdafiə sənayesi,  iqtisadiyyatın müxtəlif sahələri, kənd təsərrüfatı, bank, turizm, səhiyyə və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanaraq  bu sahələr üzrə müvafiq tədbirlərin davam etdiriləcəyi və iki ölkə arasında əlaqələrin daha da  genişləndiriləcəyi qeyd edilib.  

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti olaraq velosiped idmanı sahəsində də əlindən gələni əsirgəməyəcəyini qeyd edən Mədət Quliyev, Azərbaycanda keçiriləcək velosiped üzrə beynəlxalq yarışlar zamanı Pakistan komandasının üzvlərinin də iştirakını təklif edib.

Pakistan İslam Respublikasının  ölkəmizdəki səfiri Bilal Haye səmimi qəbula görə nazir Mədət Quliyevə təşəkkür edib, Pakistan və Azərbaycan arasındakı əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.