Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 İyun, 2023 14:00 608

Müdafiə sənayesi naziri Mədət Quliyev Macarıstan Respublikasının müdafiə nazirini qəbul edib

İyunun 7-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini və Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanı qəbul edib.

Qonaqları salamlayan Mədət Quliyev qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə Silahlı Qüvvələrin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Nazir ordumuzun şanlı qələbəsi və ərazi bütövlüyümüzün bərpası ilə bitən 44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi böyük Zəfərdən söz açaraq hərbi əməliyyatlar zamanı Müdafiə Sənayesi Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrini yerli istehsal olan müasir silah-sursat, döyüş texnikası və PUA-larla fasiləsiz təchiz etdiyindən bəhs edib.

Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcəkdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkil edilməsi və digər mövzular ətrafında müzakirələr aparılıb.

Bildirilib ki, hərbi-texniki sahədə Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha da uğurla inkişaf etdiriləcəkdir.

Səmimi qəbula görə təşəkkür edən Macarıstan Respublikasının müdafiə naziri Kristof Szalay-Bobrovnicski ölkəmizlə Macarıstan arasında ikitərəfli hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.