Müdafiə sənayesi naziri Mədət Quliyev Küveyt Dövlətinin ölkəmizdəki səfirini qəbul edib
İyunun 1-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Almovedi qəbul edib.
Mədət Quliyev Azərbaycan və Küveyt arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu, siyasi-iqtisadi və digər sahələrdə qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
Daha sonra Azərbaycan və Küveyt arasında hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib. Nazir səfirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.
Səmimi qəbula görə Mədət Quliyevə təşəkkür edən səfir Azərbaycan və Küveyt arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Müxtəlif beynəlxalq platformalarda hər iki ölkənin bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edən səfir Abdullah Mohamed Almoved ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb.
Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.