Müasir və Qüdrətli Azərbaycan Heydər Əliyev amallarının təntənəsidir
“Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin bənzərsiz dövlət xadimi, dünya şöhrətli siyasətçi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin adı müasir müstəqil Azərbaycanın simvoluna, milli mənafelərə söykənən örnək əməlləri hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa hədsiz məhəbbət və sədaqət meyarı olmuşdur.
Dahi rəhbərin “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” müdrik kəlamının özünün nüvəsində məhz 100 il bundan əvvəl Xaliqin Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyev dühasının, xarizmatik şəxsiyyət və sadə bir insan timsalında əvəzsiz nemətinin, nicat və qurtuluş hikmətinin dayandığı illər ötdükcə daha aydın və vüqarlı görünür.
Bir əsrə bərabər ibrətamiz Lider ömrünü dərindən incələdikcə Azərbaycanda cərəyan etmiş ictimai-siyasi proseslərə yenidən nəzər salınması, onların nəticələrinin dövlətçilik və azərbaycançılıq məfkurəsi üçün tarixi əhəmiyyəti və rolunun gələcək nəsil tərəfindən öyrənilməsinin vacibliyi daha da artır. Azərbaycan naminə müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən onilliklərə nəzər salarkən Azərbaycanın Ulu Öndərin fəhmi, əyilməz qətiyyəti, polad iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, dövlət müstəqilliyi məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Siyasi-hərbi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur. Onunla bir dövrdə yaşadığım və şəxsən görüşdüyüm, etimadını qazanaraq məsul vəzifələrə irəli çəkildiyim, müdrik rəhbərliyi altında çalışdığım üçün hədsiz qürur hissi keçirir, ruhu qarşısında dərin ehtiramla baş əyirəm!
Uzun illər imperiya idarəçiliyinin siyasi və ideoloji təzyiqinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı dilini və dinini qorumuş, milli mədəniyyətini inkişaf etdirmiş və müttəfiq respublika şəklində dövlətçiliyini saxlamışdır. Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq və yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur. İlk olaraq milli kadr korpusunun yaradılması və mühüm vəzifələrə yerləşdirilməsi, dövlət idarəçiliyi təsisatlarının möhkəmləndirilməsi, elm, təhsil, sənaye, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafı ilə əlaqədar həyati vacib qərarlar verilmiş və əməli tədbirlər görülmüşdür. Minlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının aparıcı dövlət idarəetmə məktəblərinə, elm və təhsil ocaqlarına göndərilmiş və qabaqcıl sənaye istehsalı sahələri ilə bağlı ixtisaslara yiyələnmişdir. Bu dövrdə milli gəlir, sənaye və kənd təsərrüfatında ümumi məhsulun həcmi dəfələrlə artmış, iqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki onilliklərdə olduğundan daha çox əsaslı vəsait qoyulmuş, yüzlərlə iri zavod və fabrik tikilib işə salınmışdır.
Qeyd olunan misilsiz işlər Azərbaycanın müstəqilliyinin bərpası, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısının alınmasında mühüm rol oynamış müdafiə sənayesinin təməlinin qoyulması və inkişaf etdirilməsini də əhatə etmişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında sadalamaqla bitməyən misilsiz xidmətlərini diqqətə çatdıranda ilk olaraq 1969-1982-ci illərə, dahi rəhbərin keçmiş sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir.
1969-cu ildə Heydər Əliyev Azərbaycanın rəhbəri seçildikdən sonra respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, hərbi təhsil və müdafiə sənayesi sahəsində də böyük işlər görülmüş, bütün manelərə baxmayaraq, bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əsasını təşkil edən və ölkənin müxtəlif şəhərlərində yerləşən geniş profilli müəssisələrin yaradılmasına nail olunmuşdur. Birmənalı olaraq o illərdə görülən işlərdə, həyata keçirilən genişmiqyaslı layihələrdə Ümummilli Lider Azərbaycanın gələcəyini, indiki müstəqilliyini düşünmüşdür.
Həmin dövrdə məhz Ulu Öndərin şəxsi təşəbbüsü və səyi ilə SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı “Mikrosxematexnika” Xüsusi Konstruktor Bürosunun bazasında “Azon” zavodu, 1975-ci ildə Bakıda Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində tikilib istismara verilmişdir. Bütövlükdə, 1970-1982-ci illərdə respublika ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və digər şəhərlərdə müdafiə təyinatlı elmi və istehsal müəssisələri də daxil olmaqla çoxlu sayda zavod və sənaye sahələri istifadəyə verilmişdir. Təsadüfi deyil ki, o dövrdə Azərbaycanda istehsal olunan sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Azərbaycanda demoqrafik artımı və mövcud elmi potensialı nəzərə alan Ulu Öndər Heydər Əliyev SSRİ-nin ağır maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin respublikada yaradılması məsələsini Sov.İKP MK-nın Siyasi Bürosu qarşısında qaldırmışdır. Onun təklifləri və gərgin əməyi nəticəsində Azərbaycanda radiotexnika və cihazqayırma sənayesi üzrə üç yeni müəssisənin - Radio Maşınqayırma zavodunun (“Robot” zavodu), Tərtərdə Lionozov Elektromexanika zavodunun filialının və Elektron Hesablama Maşınları zavodunun ikinci növbəsinin inşası, elektron sənayesi üzrə dörd - Gəncədə “Billur”, Xaçmazda, Siyəzəndə və Lənkəranda “Kondensator” zavodlarının, müdafiə sənayesi üzrə Azon Optika-Mexanika (“Alov”) zavodunun filialının, Alunit zavodunun tikintisi, gəmiqayırma sənayesi üzrə Bakı Elektro-Mexaniki İnstitutunda yeni istehsal sahələrinin, sonradan isə onun bazasında “Nord” Elmi-İstehsalat Birliyinin (EİB) yaradılması, aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi və sairə məhz Ümummilli Lider tərəfindən görülən ölçüyəgəlməz fəaliyyətin bariz nümunələridir.
Heydər Əliyev neftlə zəngin respublikamızda neft maşınqayırması üzrə müəssisələrin yaradılmasının zəruri olduğunu qabaqcadan görərək, müharibə şəraitinə uyğun istehsal profilini dəyişmək imkanı nəzərdə tutulmaqla yeni maşınqayırma müəssisələrinin tikilməsi və genişləndirilməsi barədə əvəzsiz təkliflərini vermişdir. Həmin dövrdə şəxsi nüfuzundan istifadə edən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda hərbi sənaye kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına təkan verəcək “Ulduz” EİB, Əli Bayramlı “Araz” zavodu (indiki Şirvan “Araz”), “Rabitə” Elmi-Tədqiqat İnstitutu kimi yeni müəssisə və zavodların tikilib işə başlamasına nail olmuşdur.
Elmin inkişafına daim xüsusi diqqət ayıran dahi rəhbərin səyləri ilə 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində “KASPİ” Elmi Mərkəzinin yaradılması haqqında qərar verilmişdir. 1978-ci ildə həmin Mərkəzin bazasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradılmış, 1982-ci ildə isə onun əsasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi təşkil edilmişdir.
Lakin 1980-ci illərin ikinci yarısında keçmiş SSRİ-də yaranmış siyasi və sosial-iqtisadi vəziyyət, mərkəzi hakimiyyətin Heydər Əliyevə və Azərbaycana münasibətdə yol verdiyi tarixi ədalətsizlik genişlənməkdə olan inkişaf və quruculuq işlərinə demək olar ki, son qoydu.
1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ağır və çətin sınaqlarla üzləşdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, soydaşlarımızın öz tarixi dədə-baba torpaqlarından məcburən qovulması və qaçqın düşməsi, Qarabağ probleminin həlli ilə bağlı o vaxtkı respublika rəhbərliyinin yol verdiyi bağışlanılmaz səhvlər ölkədə ictimai-siyasi vəziyyətin getdikcə daha da ağırlaşmasına səbəb oldu. Bir tərəfdən erməni hərbi təcavüzü artır, rayon və kəndlərimiz işğal edilir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda siyasi çəkişmələr güclənir və nəticədə xalqımız ağır itkilər verirdi. Azərbaycanın belə qorxulu siyasi durumunda müxtəlif bölgələrdə yaranan silahlı qruplaşmalar tərəfindən ölkəni parçalamaq, mərkəzi hakimiyyəti ələ keçirmək cəhdləri edilir və qiyamlar törədilirdi. Artıq ölkədə vətəndaş müharibəsi başlamışdı. Ayrı-ayrı şəxslərə, siyasi qruplara mənsub qanunsuz silahlı dəstələr və cinayətkar elementlər demək olar ki, bütün ölkə ərazisində tüğyan edirdi. Bütün bunların qarşısını almağa qadir olmayan o vaxtkı iqtidarın naşılığı və səriştəsizliyi ucbatından 1993-cü ilin iyununda baş vermiş Gəncə hadisələri ölkənin parçalanmasına yol açdı, xalq dövlət müstəqilliyinin itirilməsi ilə üz-üzə qaldı. Yaranmış fürsətdən istifadə edən Ermənistan isə Azərbaycan torpaqlarının işğalını günbəgün genişləndirirdi.
Həmin dövrdə əsrlər boyu Azərbaycanı parçalamaq arzusunda olan xarici və daxili pozucu qüvvələrin fəaliyyəti geniş vüsət almış, respublikada qarşıdurma yaratmaqla ölkədə yaşayan müxtəlif xalqları üz-üzə qoymaq istəyirdilər. Ona görə də Azərbaycanın tanınmış ziyalıları, xalqını düşünən vətənpərvərləri Ulu Öndər Heydər Əliyevə aramsız müraciətlər edir, onu təkidlə siyasi hakimiyyətə dəvət edirdilər. Əslində, xalq bu tələbi hələ 1988-ci il mitinqlərindən başlayaraq, mütəmadi şəkildə qaldırırdı. Yüz minlərlə adam dövlət üçün belə böhranlı məqamda Heydər Əliyev dühasından, idarəetmə təcrübəsindən, qətiyyətindən və uzaqgörənliyindən istifadə olunmasını, onun yenidən siyasi hakimiyyətə qayıtmasına imkan verilməsini tələb edirdi.
Ulu Öndər həmin illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı və onun siyasi nüfuzu, iradəsi və əvəzsiz səyləri sayəsində Ermənistanın Azərbaycanın bu mətanətlik və sarsılmazlıq simvoluna çevrilmiş diyarına silahlı təcavüzünün qarşısı hər dəfə qətiyyətlə alınmış, sabitlik təmin olunmuş, demokratik dövlət quruculuğu formalaşmışdır.
1993-cü ilin may-iyun aylarında respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda, Azərbaycan xalqı təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bu, əsl mənada, milli hərəkata çevrildi və nəticədə Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş Günü kimi daxil oldu və Heydər Əliyevin başçılıq etdiyi milli hürriyyət və istiqlaliyyət mübarizəsi Zəfər çaldı. Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı. Milli Məclisin qərarı ilə 1993-cü ilin iyun ayının 24-dən Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində ciddi dönüş yarandı, müasir, dünyəvi, demokratik və hüquqi dövlətçilik prinsiplərinə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu və ölkədə dayanıqlı ictimai-siyasi sabitlik bərqərar edildi.
Daxili sabitlik təmin olunduqdan sonra Heydər Əliyev ölkənin milli mənafelərinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi layihələrin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində gərgin fəaliyyətə başladı. 1994-cü ilin sentyabrında Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə respublikanın tərəqqi və inkişaf yolunda böyük iqtisadi sipər rolunu almış “Əsrin müqaviləsi” neft kontraktı bağlandı. Nəticədə bu müqavilə Azərbaycanın gələcəkdə beynəlxalq enerji təhlükəsizliyinin təminatında mühüm rola malik regional aktora çevrilməsinə imkan verən yeni-yeni sazişlərin imzalanmasına və daha möhtəşəm layihələrin gerçəkləşməsinə şərait yaratdı. Artıq günümüzdə bütün sadalananlar ölkənin iqtisadi sistemini canlandıracaq güclü investisiya kapitalı olmaqla yanaşı, mühüm siyasi və iqtisadi məna kəsb edir və Azərbaycanın beynəlxalq aləmdə rolunu və mövqeyini gücləndirən amillərdən birinə çevrilmişdir.
1994-cü ildən etibarən Azərbaycanın gələcək inkişaf strategiyasını istiqamətləndirən Ümummilli Lider Heydər Əliyev zamanında düzgün və qətiyyətli qərarlar qəbul edərək ölkənin bərpa və uzunmüddətli dinamik inkişaf dövrünə start vermiş oldu. Nəticədə, ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan sərmayələrin həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
Ulu Öndərin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilməsinə dair sazişin imzalanması mümkün oldu və xalqımız qarşısında dayanan taleyüklü Qarabağ məsələsinin həllinin təməl sütunlarından biri qoyulmuş oldu. Neft ixracından daxil olan maliyyə resursları düşünülmüş strategiyaya uyğun, digər sahələrlə yanaşı, müdafiə və təhlükəsizlik sahələrinə də yönəldildi, Azərbaycan Ordusunun maddi-texniki bazasının ilbəil yaxşılaşdırılmasına şərait yaratdı.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın müasir müdafiə sənayesi infrastrukturunun yaradılmasına və inkişafına xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi ilə respublikanın müharibə vəziyyətində olması nəzərə alınaraq ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratdı. Hələ 1993-cü il sentyabrın 30-da Ali Sovetin Sədri olduğu zaman xarici sərmayəçiləri cəlb etməklə Bakıda çoxlaylı çap lövhələri istehsal edən müdafiə sənayesi təyinatlı “Peyk” zavodunun açılışında Ulu Öndərin şəxsən özünün iştirak etməsi qeyd olunanların bariz nümunələrindəndir.
2003-cü ildə Ordunun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə kənar asılılığı azaltmaq məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsi başlandı.
Hər zaman Azərbaycanı, xalqını düşünən Ulu Öndər bütün ömrünü, sağlamlığını və əməyini sərf edərək respublikanın inkişafı və vətəndaşların rifahı uğrunda gecə-gündüz çalışırdı. Onun misilsiz xidmətləri nəticəsində dövlət müstəqilliyi qorunmuş, əbədi və daimi olmuş, eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəfləri müəyyən edilərək Azərbaycanın sonrakı illərdə də davamlı yüksəlişi və qüdrətlənməsinin təməli qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə xalqa müraciətlə bildirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2003-cü il oktyabrın 15-də Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı cənab İlham Əliyev xalqın mütləq etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmiz öz inkişafında yeniləşmə və müasirləşmə mərhələsinə qədəm qoydu.
Getdikcə genişlənən iqtisadi imkanlardan yararlanaraq Ümummilli Liderin təhlükəsizlik siyasəti və ordu quruculuğu ilə bağlı başladığı işləri möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirdi. Qeyd edilən taleyüklü vəzifələrin yerinə yetirilməsi, əlavə olaraq ölkə iqtisadiyyatının şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının təmin olunması, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradıldı.
Müdafiə sənayesinin yerli imkanlarının inkişaf etdirilməsi məqsədilə mövcud müəssisələrin fəaliyyətinin ilkin bərpa proqramları hazırlandı, prioritet sahələr müəyyən edildi, Azərbaycan Ordusu və başqa silahlı birləşmələrin müdafiə təyinatlı məmulatlara və maşınqayırma sənayesi məhsullarına olan tələbatı dəqiqləşdirildi, zəruri hesab edilən xarici iqtisadi əlaqələrin bərpası və genişləndirilməsi üçün müvafiq işlər aparıldı. Sonrakı illərdə möhtərəm Prezidentin bilavasitə rəhbərliyi ilə hazırlanan və qəbul edilən strateji planlar əsasında Silahlı Qüvvələrin qarşısında duran vəzifələrə uyğun imkan və qabiliyyətinin inkişaf etdirilməsinə, əməliyyatların yeni üsul və formalarla aparılması üçün zəruri silah, hərbi və xüsusi texnika növlərinin alınması və onların yerli istehsalının təmin edilməsinə başlandı.
Ötən dövrdə müxtəlif ölkələrin aparıcı şirkətləri ilə əməkdaşlıq çərçivəsində alınmış müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahələri yaradıldı, atıcı silahlar və onların patronlarının, tapança, avtomat, pulemyot və toplar üçün müxtəlif kalibrli lülələrin, zirehli döyüş maşınları, tank və artilleriya topları üçün müxtəlif atəş yığımlarının istehsalı, qumbaraatanların və minaatanların atəş yığımlarının doldurulma sahələri, optik cihazların lisenziya və istehsal texnologiyalarının alınması ilə istehsalı mənimsənildi. İqtisadi imkanlar artdıqca güc strukturlarının müasir standartlara cavab verən və özündə yeni texnologiyalar cəmləşdirən silah sistemləri ilə təchiz edilməsilə yanaşı, XXI əsrdə müharibələrin müqəddəratını həll edən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının yerli istehsalı da uğurla davam etdirildi. Azərbaycan Ordusu və başqa silahlı birləşmələrin müdafiə təyinatlı məmulatlara olan tələbatı ödənilməklə yanaşı, istehsal olunan məhsulların bir sıra ölkələrə ixrac edilməsi də təmin edildi. Görülən işlərə ali qiymət isə möhtərəm Prezident cənab İlham Əliyevin özü tərəfindən verilmişdir. Ölkə rəhbəri çıxışlarının birində demişdir: “Mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar”.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ardıcıl və qətiyyətlə həyata keçirdiyi uğurlu siyasi-iqtisadi, hərbi və diplomatik strategiyası nəhayət öz töhfəsini verdi və 2020-ci il sentyabrın 27-də əks-hücumla başlayan Vətən müharibəsi 44 gündən sonra 8 noyabrda otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi tarixi Zəfərlə başa çatdı. Vətən müharibəsində torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda Silahlı Qüvvələrin silah, hərbi və xüsusi texnika ilə təmin edilməsi naminə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri gücləndirilmiş iş rejimində işləmiş, 72 işçimiz döyüşlərdə iştirak etmiş, 3 əməkdaşımız şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın heyrətamiz uğurları bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə, dövlətçilik ənənələrinə və Azərbaycan xalqının iradəsinə söykənən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətimizi daha da inkişaf etdirərək Ümummilli Liderin dövlətçiliklə bağlı arzu və istəklərinin həyata keçirilməsini təmin etməyə nail olmuşdur.
Möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son onilliklərdə əldə edilmiş siyasi, iqtisadi və diplomatik nailiyyətlər, ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirmiş, regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. İndi Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinici vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı nəticəsində heyrətamiz yaradıcılıqla işğaldan azad olunmuş ərazilərdə müqayisə olunmaz tikinti-quruculuq işlərinin vüsət alması, yeni müasir yaşayış məntəqələrinin salınması və infrastrukturun yaradılması, ən əsası bu torpaqlara qayıtmaq ümidilə yaşayan vətəndaşlarımızın otuz illik həsrətinə son qoyulması məqsədilə göstərilən əvəzsiz xidmətlər qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur.
Bu günlərdə xalqımız və bütün dünya Heydər Əliyevin işıqlı amallarının növbəti Zəfərinə hədsiz sevinc və fəxarətlə şahidlik etdi. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli sərkərdəliyi sayəsində Vətən müharibəsində Azərbaycanın şanlı hərb salnaməsinə qızıl hərflərlə həkk olunmuş möhtəşəm Qələbənin parlaq nəticələrindən daha biri - Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu tarixi hadisənin məhz xalqımız və bütün tərəqqipərvər dünya tərəfindən böyük coşqu və rəğbətlə qeyd etdiyi müstəqil və müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində gerçəkləşməsi çox qürurvericidir və möhtərəm Prezidentin Ata vəsiyyətinin yerinə yetirilməsi və Ulu Öndərin qüdrətli Azərbaycan ideyası və azərbaycançılıq məfkurəsi naminə həyata keçirdiyi misilsiz xidmətlərin növbəti parlaq təntənəsidir.
Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quruluması ilə Azərbaycanın öz suveren ərazilərində su, hava və quru sərhədlərinə tam nəzarəti həyata keçirməsi uğrunda möhtərəm Prezidentin apardığı məqsədyönlü, qətiyyətli və soyuqqanlı xarici və hərbi siyasətin yeni möhtəşəm uğuruna şahid olmaq böyük şərəfdir!
Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir!
Mədət QULİYEV
müdafiə sənayesi naziri,
Azərbaycanın Milli Qəhrəmanı
"Respublika" qəzeti, 10 may 2023-cü il