MSN komandası “IronWind 70.3” turnirinin qalibi olub
İyulun 3-də Pirallahı adasında yerləşən Nərəkənd parkının ərazisində “Triterra Baku” triatlon klubunun təşkilatçılığı, Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “IronWind 70.3” turniri keçirilib.
Yarışda 90 iştirakçı 3 mərhələdə mübarizə aparıb. İdmançılar əvvəlcə 1,9 kilometr üzüb, sonra 90 kilometr velosiped sürüb və sonda isə 21,1 kilometr qaçıblar. Turnir həm fərdi, həm də estafet formatında təşkil edilib.
Yarışda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin MSN komandası da iştirak edib. Vüqar Salahovun rəhbərlik etdiyi komandanın tərkibində 6 idmançı mübarizə aparıb. MSN komandası yüksək nəticəyə imza ataraq, birinci yerə layiq görülüb.
Fərdi yarışlarda kişilər arasında ukraynalı idmançı Daniil Sapunov, qadınlar arasında isə qazaxstanlı Dina Şaimerdenova birinci olub.
MSN komandasının rəhbəri Vüqar Salahov 5:26:01.45 nəticə ilə öz kateqoriyasında 4-cü yerdə qərarlaşıb.
Müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblərə medallar və sertifikatlar təqdim edilib.
Maraqlıdır ki, idman tariximizdə ilk dəfə olaraq, yarışda 3 nazir qüvvəsini sınayıb. Müdafiə sənayesi naziri Mədət Quliyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov turnirdə iştirak ediblər.