Məktəblilər üçün məlumat turları təşkil edilib
25-26 may tarixlərində "Heydər Əliyev İli” çərçivəsində və 28 May-Müstəqillik Günü ərəfəsində Müdafiə Sənayesi Nazirliyi və Bakı şəhəri üzrə Təhsil idarəsinin birgə təşkilatçılığı ilə paytaxtın 12, 114, 129, 229, 279 və 282 nömrəli orta məktəblərinin şagirdləri və müəllimləri üçün Müdafiə Sənayesi Nazirliyində məlumat turları təşkil edilib.
Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin salamlarını və ən xoş arzularını şagirdlərə çatdıran məsul əməkdaşlar onlara Müdafiə Sənayesi Nazirliyinin yaranma tarixi və inkişaf mərhələləri haqqında geniş məlumat veriblər.
Şagirdlər əvvəlcə Heydər Əliyev muzeyini ziyarət edərək Ulu Öndərin zəngin həyat və fəaliyyətinə aid fotostendlərlə tanış olublar.
Müdafiə Sənayesi Nazirliyinin nəfis tərtib olunmuş sərgi salonunu ziyarət edən şagirdlər MSN-in tabeli birlik və müəssisələrində istehsal olunan müxtəlif növ müdafiə təyinatlı məhsullarla əyani tanış olublar və onlara Azərbaycan silahı haqqında ətraflı məlumatlar verilib.
Sonda iştirakçılar müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə bu cür maarifləndirici turların təşkilinə görə minnətdarlıqlarını bildiriblər və belə tədbirlərin davamlı olmasını arzuladıqlarını ifadə ediblər.