Məktəblilər MSN-in istehsal etdiyi silah-sursatla tanış olublar
Yanvarın 25-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində yerləşən 21, 314 və 321 saylı tam orta məktəblərin yuxarı sinif şagirdləri üçün MSN-in müəssisələrindən birində məlumat turu təşkil edilib.
Müdafiə Sənayesi Nazirliyinin ölkənin müdafiə qabiliyyətinin artırılması, ordu quruculuğu sahəsində həyata keçirdiyi fəaliyyətə dair məlumatların gənc nəslə çatdırılması, onların iqtisadiyyatın ən aparıcı sahələrindən olan müdafiə sənayesinə marağının artırılması məqsədilə keçirilən məlumat turunda Nazirliyin məsul əməkdaşları çıxış edərək Müdafiə Sənayesi Nazirliyinin yaradılması və fəaliyyəti, istehsal prossesi və qarşıda duran yeniliklər barəsində şagirdləri məlumatlandırıb, hərbi sənaye sahəsində hər zaman gənc mütəxəssislərin yetişdirilməsinə ehtiyac olduğunu vurğulayıblar.
Qeyd edilib ki, Azərbaycan dövləti gənclərin intellektual potensialının artırılmasını, yüksək səviyyədə təhsil almalarını, onların sağlam və vətənpərvər ruhda böyümələrini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın əsl vətənpərvər, dövlətçiliyə, milli mənəvi dəyərlərimizə sadiq müasir Azərbaycan gəncliyinin yetişdirilməsi istiqamətində həyata keçirdikləri fəaliyyətin xalqımız tərəfindən yüksək qiymətləndirildiyi şagirdlərin diqqətinə çatdırılıb.
Daha sonra şagirdlər Müdafiə Sənayesi Nazirliyinin ən müasir tələblərə uyğun hazırlanmış sərgi salonunda Nazirliyin müəssisələrində istehsal edilən atıcı silahlar, onların ehtiyat hissələri və sursatları ilə tanış olublar.