Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
04 Mart, 2021 12:16 1648

Mədət Quliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrini qəbul edib

      Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq əlaqələri bir çox sahələrdə olduğu kimi, hərbi-texniki istiqamətdə də  son vaxtlar inkişaf etməkdədir. 4 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi bu ölkə ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha sübut edir.
     Görüşdə Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.  Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını qonaqların diqqətinə çatdıran Mədət Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb. Pakistanın Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizədə daim xalqımızın yanında olduğunu vurğulayan nazir dost ölkənin siyasi, mənəvi dəstəyini və qəti mövqeyini yüksək qiymətləndirib. Qonaqlar həmçinin Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər barədə məlumatlandırılıblar. Bildirilib ki, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması həmin bölgələrin acınacaqlı vəziyyətə düşməsi, mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələrinin də məhv edilməsi, ən əsası isə yüz minlərlə azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnib.
     Səmimi qəbula görə cənab nazirə minnətdarlığını ifadə edən general Nadim Raza Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafı naminə səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib, iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu və tərəflər üçün bundan sonra da qarşılıqlı faydalı olacağını vurğulayıb.
     Nümayəndə heyətinin tərkibində yer alan Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Yaheen Azərbaycan və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı istiqamətində səylərin birləşdiriləcəyindən və bu əlaqələrin dünyada sülhün bərqərar olunması işinə böyük töhfə verəcəyindən əminliyini bildirib.