Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
21 Mart, 2022 17:00 747

Mədət Quliyev “DİMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında iştirak edir

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev və rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-23-də 7-ci “DİMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün Qətər Dövlətinin Doha şəhərində rəsmi səfərdədirlər. 2008 -ci ildən etibarən təşkil edilən, Yaxın Şərq və Şimali Afrika regionunda ən nüfuzlu dəniz müdafiə sərgisi olan DİMDEX sərgisində ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Cənubi Koreya və s. ölkələrin aparıcı şirkətləri dəniz müdafiəsində yeni texnologiyaları, hərbi gəmiqayırma avadanlıqları, dəniz müdafiəsi sisteminin köməkçi və dəstək texnologiyalarını nümayiş etdirirlər.

Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyevin Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Xalid bin Xəlifə bin Abdul Əziz Əl Tani ilə, daha sonra isə Qətər Dövlətinin Baş nazirinin müavini və müdafiə işləri üzrə naziri Xalid bin Məhəmməd Əl Attiyah ilə görüşləri baş tutub. Görüşlərdə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, hər iki ölkə arasında hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sərgidə Mədət Quliyev Türkiyə milli povilyonu ilə də tanış olub və Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşüb. Görüş zamanı hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Nazir eyni zamanda Türkiyə Respublikasına məxsus olan Havelsan, Roketsan və Turkish Aerospace şirkətlərinin stendlərini də ziyarət edib.

Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da iştirak edib.