Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 May, 2021 15:00 2980

MAKA-da xatirə abidəsinin açılışı olub

7 may 2021-ci il tarixində Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində 1992-ci ildə 1-ci Qarabağ müharibəsində şəhid olmuş baş leytenant Vəli Nuruş oğlu Mahmudovun və 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş baş leytenant Nurlan Rəfail oğlu Zeynalovun xatirə abidəsinin açılışı olub.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin iştirakı ilə baş tutan tədbirə hər iki şəhidin ailə üzvləri və yaxınları da qatılıblar. Onların doğmalarına başsağlığı verən nazir 1-ci Qarabağ müharibəsi iştirakçısı Vəli Mahmudovun və 2-ci Qarabağ müharibəsində “Vətən uğrunda”, “İgidliyə görə”, eləcə də “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Nurlan Zeynalovun əziz xatirəsinin yaddaşlarda əbədi yaşayacağını bildirib.

Mədət Quliyev 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın Birinci Katibi  seçilməsindən sonra bir çox sahələrdə həyata keçirilmiş köklü islahatların sonralar müstəqil dövlətimizin dünya birliyinə inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. Torpaqlarımızın işğalının məhz Ulu Öndər Heydər Əliyevin SSRİ-nin siyasi rəhbərliyindən uzaqlaşdırılaraq təqib və təzyiqlərə məruz qaldığı dövrə təsadüf etdiyini diqqətə çatdıran nazir bu ədalətsizliyin 30 ildən sonra bərpa edildiyini qeyd edib. Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Müzəffər Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə qazanaraq gücümüzü bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımız işğaldan azad edilməklə yanaşı, həm də tarixi ədalət bərpa olundu.

Tədbir zamanı diqqətə çatdırılıb ki, Ordumuzun şanlı qələbəsi ilə başa çatmış Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin 72 əməkdaşı iştirak edərək, böyük şücaət göstərib. Onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlib, 7 əməkdaş isə yaralanaraq qazi olub.

Tədbirdə Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, şəhid Vəli Mahmudovun oğlu Nuran Mahmudov və şəhid Nurlan Zeynalovun atası Rəfail Zeynalov da çıxış edib. Sonda cənab nazir Kosmik Cihazqayırma Təcrübi Zavodunun təmir – bərpa işləri ilə tanış olub və “İnnovasiya Mərkəzinin” açılışını edib.