Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
06 Oktyabr, 2023 15:30 723

Könüllülər üçün məlumat turu təşkil edilib

Oktyabrın 6-da  “Heydər Əliyev İli” çərçivəsində Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə könüllülər üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrindən birində məlumat turu təşkil edilib.

Əvvəlcə tədbir iştirakçıları müəssisənin inzibati ərazisində müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş abidəni ziyarət ediblər.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin davamında könüllülər Heydər Əliyev muzeyində Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar. Görkəmli dövlət xadimi Heydər Əliyevin və dahi rəhbərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin müdafiə sənayesinin yaradılmasında və inkişafındakı misilsiz xidmətləri barədə onlara ətraflı məlumat verilib.

Məlumat turu çərçivəsində gənclər MSN-in modern üslubda hazırlanmış sərgi salonunda Nazirliyin müəssisələrində istehsal edilən müxtəlif atıcı silah və sursatlar, eləcə də müasir texnoloji məmulat nümunələri ilə tanış olublar.  Mütəxəssislər onlara silahların texniki göstəriciləri haqda məlumatlar verib, gəncləri maraqlandıran sualları cavablandırıblar. 

Bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silahlardan istər 44 günlük Vətən müharibəsində, istərsə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ iqtisadi rayonunda yüksək peşəkarlıqla aparılan, ordumuz tərəfindən 24 saatdan da tez bir zamanda uğurla başa çatdırılan lokal xarakterli antiterror tədbirləri zamanı istifadə edilib, Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi ilə Azərbaycan Silahı düşmənə öz gücünü və qüdrətini əməli döyüş şəraitində bir daha göstərib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının könüllü gəncləri Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevə mütəmadi təşkil olunan maraqlı və geniş informasiya tutumlu turlara görə minnətdarlıqlarını bildirib,  belə tədbirlərin davamlı olmasını arzuladıqlarını vurğulayıblar.

Sonda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ucaldılmış abidənin ətrafında xatirə şəkli çəkdirilib.