Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
28 Aprel, 2023 10:00 1090

“Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib

Güclü kadr potensialı yaratmaq Ulu Öndərin strateji hədəflərindən idi.

AzTU-da Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib.

Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin (MSN) və AzTU-nun rəhbər işçiləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Əvvəlcə Azərbaycanın müdafiə sənayesinin təşəkkülü və inkişaf mərhələlərindən bəhs edən “Atəşdən yoğrulanlar” sənədli filmi nümayiş olunub.

AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Respublikada güclü kadr potensialı yaratmaq Ulu Öndərin strateji hədəflərindən idi. Ölkəyə rəhbərliyinin ilk illərində gəncləri keçmiş sovetlər ittifaqının aparıcı ali məktəblərinə təhsil almaq üçün göndərməsi Ümummilli Liderin ali təhsil sahəsindəki məqsədyönlü və uğurlu siyasətinin bariz nümunəsi idi.

MSN-in şöbə müdiri, əməkdar mühəndis Məmmədsaleh Əliyev dünya şöhrətli siyasi xadim Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müdafiə sənayesinin yaradılmasındakı misilsiz xidmətləri barədə ətraflı məlumat verib, müasir dövrdə dahi rəhbərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğını, son illərdə əldə olunan nailiyyətləri xüsusi qeyd edib. MSN-də bu spesifik istehsal səhəsində ixtisaslı və peşəkar kadrların hazırlığı məsələsinin prioritet vəzifə kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Elçin Rzayev, kafedra müdirləri Ələkbər Hüseynov, Rasim Bəşirov, magistr tələbə Amin Mamedov Ulu Öndər Heydər Əliyevin ölkədə müdafiə sənayesinin qurulmasında gördüyü işlərdən danışıblar. Qeyd olunub ki,  Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə sənayesi sürətlə inkişaf edir, Azərbaycan silahının şöhrəti artıq dünyada geniş yayılmaqdadır.

Bildirilib ki, hazırda AzTU və MSN müdafiə sənayesi sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində sıx əməkdaşlıq edir.