Gənclərimizin çağdaş texnoloji biliklərə yiyələnməsində yeni yanaşma
Aprelin 14-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə MSN-in müəssisələrindən birində Bakı şəhərindəki Texniki-Humanitar və 16 saylı Texniki-humanitar liseylərin, həmçinin 44 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri üçün növbəti məlumat turu təşkil edilib.
Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunun artırılması, onların çağdaş texnoloji biliklərə yiyələnməsi, gələcəkdə ixtisaslı kadrlar kimi püxtələşməsi üçün potensiallarının stimullaşdırılması, müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşması məqsədilə təşkil edilən məlumat turları çərçivəsində keçirilmiş tədbirdə Nazirliyin məsul əməkdaşları çıxış edərək şagirdləri MSN-in tarixi və fəaliyyəti barədə məlumatlandırıblar. Çıxış edənlər cəmiyyətin sürətli tərəqqisində təhsilin vacib rol oynamasından, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması istiqamətində verilən mühüm qərarlardan bəhs ediblər.
Eyni zamanda müasir dövrdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər, elmin və texnikanın sürətli inkişafı fonunda iqtisadi imkanların insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsindən danışılıb, müdafiə sənayesi üzrə gənc mütəxəssislərin yetişdirilməsinə və gənclərin bu sahəyə maraq göstərməsinin milli mənafelərə uyğun olduğu vurğulanıb.
Məlumat turu çərçivəsində şagirdlər MSN-in modern üslubda hazırlanmış sərgi salonunda Nazirliyin müəssisələrində istehsal edilən müxtəlif atıcı silah və sursatların, eləcə də müasir texnoloji məmulatların nümunələri ilə tanış olublar. Nümayiş etdirilən hərbi təyinatlı məhsullar barədə məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev keçdiyi döyüş yolundan şagirdlərlə maraqlı xatirələrini bölüşüb, 44 günlük Vətən Müharibəsində Azərbaycan övladlarının fədakarlıq, igidlik və cəsarət nümunələrini diqqətə çatdırıb.
Sonda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan bu şanlı Zəfərə MSN-in verdiyi töhfələrdən, eləcə də Nazirliyin şəhid əməkdaşlarının, müharibə iştirakçısı olan işçilərinin Vətən müharibəsində göstərdikləri rəşadətdən bəhs edən “Tarix yazan qəhrəmanlar” kitabı yuxarıda qeyd olunan təhsil ocaqlarının kitabxanalarına hədiyyə edilib.