Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
03 Mart, 2011 16:35 5715

"Cihaz" İstehsalat Birliyi Bakı "Cihazqayırma" zavodunun əsaslı yenidənqurmadan sonra açılışı oldu

Martın 3-də Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə Müdafiə  Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi Bakı “Cihazqayırma” zavodunun əsaslı yenidənqurmadan sonra açılışı oldu.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu.

Respublika Prezidenti İlham Əliyev zavodun rəmzi açılışını bildirən lenti kəsdi.

Zavodun inzibati binası ilə tanışlıq oldu, müəssisənin əvvəlki vəziyyətini əks etdirən videosüjetə baxıldı.

Zavodda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin müxtəlif dövrlərində həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin ayrı-ayrı anlarını əks etdirən fotolardan yaradılmış muzeyə baxış oldu.

Nazir Yavər Camalov dövlət başçısına müəssisə barədə ətraflı məlumat verdi. Bildirdi ki, zavod 1942-ci ildə Bakı “Alət” zavodu adı ilə “Azneftmaş” Trestinin tərkibində fəaliyyətə başlamış, 1949-cu ildə SSRİ Neft Sənayesi Nazirliyinin balansına keçirilmiş və Bakı “Cihazqayırma” zavodu adlandırılmışdır. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildən zavod Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyinin tərkibində fəaliyyətini davam etdirir.

Son illər müəssisədə əsaslı yenidənqurma və bərpa işləri aparılmışdır. İkimərtəbəli inzibati bina ən yüksək standartlar səviyyəsində təmir olunmuşdur. Zavodun ərazisində təhlükəsizlik kameraları quraşdırılmış, buradakı bütün inzibati otaqlar müasir avadanlıqla təchiz edilmişdir. Müasir standartlara cavab verən 100 nəfərlik iclas zalı və  90 nəfərlik  yeməkxana yaradılmışdır.

Zavodun həyətyanı sahəsində geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Bütün kommunikasiya xətləri, o cümlədən su, havalandırma sistemləri təzələnmiş, transformatorlar yeniləri ilə əvəz edilmişdir.        

Müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilmiş, burada dünyanın inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah və avadanlıq quraşdırılmışdır. Nəticədə qısa müddətdə zavodda dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, digər sahələr, xüsusilə neftçıxarma sahəsində istifadə olunan cihazların və ehtiyat hissələrinin istehsalına başlanılmışdır. Metaltökmə sexində həm müdafiə, həm də mülki təyinatlı cihazların, paylayıcı və ötürücü qutuların pəstahları hazırlanacaqdır.

Zavodun dəmirçi sexində də əsaslı təmir işləri aparılmışdır. Bu işlərdən sonra sex indi tam gücü ilə işləyir. Qalvanikləşdirmə sexi də müasir avadanlıqla təchiz olunmuşdur. Bu sexdə bütün cihazların və hissələrin üzəri müxtəlif növ kimyəvi maddələrlə örtüləcəkdir. Burada sinkləmə, xromlama, nikelləmə, anodlaşma, oksidləşmə və qalaylama prosesləri aparılacaqdır. Xüsusi təyinatlı yığma sexinə lazer həkketmə avadanlığı quraşdırılmışdır. Xüsusi kompyuter proqramı ilə işləyən bu avadanlıqda cihazlar və hissələr üçün lövhəciklər hazırlanacaqdır. Yay hazırlayan dəzgah da xüsusi proqramla təmin olunan kompyuterə qoşulmuşdur.

Zavodda müdafiə təyinatlı məmulatlarla yanaşı mülki məmulatların da istesalı aparılır. Dövlət Neft Şirkətinin müəssisələri üçün 18 adda yeni növ məhsulların istehsalı qaydaya salınmış və nəticədə mülki məhsulların çeşidi 29-dan 47-yə çatdırılmışdır. Zavodun  mexaniki emal sexində avadanlıq parkı əsaslı şəkildə təzələnmişdir. Yaradılan yeni istehsal sahəsində iki texnoloji axın xətti işə salınmış, ən müasir proqram təminatlı 57 dəzgah və avadanlıq quraşdırılmışdır. Buradakı universal torna, bir neçə koordinatlı və şaquli frez, pardaqlama dəzgahları, şaquli emal mərkəzi, təbəqəəyən maşın, kompressorlar və digər dəzgahlar sifarişlərin vaxtında və keyfiyyətlə hazırlanmasına imkan verəcəkdir. Bütün bunların nəticəsində Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan 7 adda müdafiə təyinatlı məmulatın istehsalı mənimsənilmişdir. Yaxın gələcəkdə bu qəbildən məhsulların çeşidi 12-yə çatdırılacaqdır.

Müəssisədə 2009-2010-cu illərdə T-72 tankının, BTR və BRDM tipli zirehli maşınların təkmilləşdirilməsi üzrə işlər uğurla davam etdirilmişdir. Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq, cari ildə də BTR-70 və BRDM-2M tipli zirehli maşınların təmir və təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Hər iki zirehli texnika təkmilləşdirilmiş, idarəetmə sistemi asanlaşmışdır. Ən əsası bu maşınlarda yanğının başvermə təhlükəsi tamamilə aradan qaldırılmışdır.

Açılışda Bakı “Cihazqayırma” zavodu və Cənubi Afrika Respublikasının “EWT” şirkəti ilə birgə hazırlanan “Şimşək” qabaqcıl texnologiyası və asan idarəetmə layihəsi barədə məlumat verildi. Bildirildi ki, layihənin üstün cəhəti gecə və gündüz görmə kamerasının olmasıdır. Bundan başqa, “Şimşək” texnologiyası lazer hədəf nişanlayıcısı, ballistik kompyuter və silah sistemlərinin idarə edilməsinə malikdir. Atəşə mükəmməl nəzarət sisteminin olması “Şimşək”in əsas xüsusiyyətlərindən biridir.


Açılış zamanı mina təsirinə dayanıqlı “Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələrinə baxış oldu. Bu zirehli maşınlar Cənubi Afrika Respublikasının “Paramount Group” şirkətinin lisenziyası əsasında yığılaraq istismara hazır vəziyyətə gətirilmişdir. Əsasən 14,5 və 12,7 çaplı pulemyotlarla təchiz olunan bu zirehli texnika “V” formalı şassiyə malikdir. Maşınlar şəxsi heyətin mina təsirindən, güllə qəlpəsindən və ballistik hücumdan müdafiə olunaraq daşınması üçün nəzərdə tutulmuşdur.

Sonra zavodda hazırlanıb istismara verilən zirehli texnikaların sınaqdan keçirilməsi prosesi izlənildi. Texnikaların 25 dərəcə maili bucaq altında sol və sağ tərəfi üstdə dayanıqlılığı yoxlanıldı, 30 dərəcə maililikdə eniş və yoxuş zamanı gücünün və əyləc sisteminin davamlılığı və möhkəmliliyi sınaqdan keçirildi. Maşınlar dərinliyi 1,5 metr olan su maneələrindən də keçirildi. Burada maşınların hermetikliyi və idarəetmənin möhkəmliyi yoxlanılır. Sonda isə zirehli texnikalar yüksək amplitudalı maneələrdən keçirildi. Bu proses zamanı isə maşınların yırğalanması müşahidə edilir.

Hazırda zavodda 170 nəfər işçi çalışır. Yeni istehsal sahəsinin yaradılması hesabına əlavə 100 iş yerinin açılması və işçilərin sayının 280 nəfərə çatdırılması nəzərdə tutulur.

Açılışda iştirak edən dövlət başçısı İlham Əliyev kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.