Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Dekabr, 2020 12:25 2054

Bu gün Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının peşə bayramıdır

Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə yaradılmışdır.

Cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq hər il 17 dekabr tarixi müdafiə sənayesi sahəsində çalışan işçilərin peşə bayramı günü kimi qeyd olunur.

Bu münasibətlə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Nazirliyin rəhbərliyi daha sonra Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

44 gün davam edən Vətən müharibəsində gərgin döyüşlərin getdiyi vaxtda Azərbaycan Ordusunu lazımi silah və hərbi texnika ilə təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri fasiləsiz iş rejiminə keçərək, Silahlı Qüvvələri yüksək texnoloji keyfiyyətlərə cavab verən müasir silah və hərbi texnika ilə təmin edib. Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Nazirliyin 70 işçisi iştirak edib.

Peşə bayramı münasibətilə Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı “Fəxri Fərman”, “Qabaqcıl işçi” döş nişanı, “Qiymətli hədiyyə” və pul ilə mükafatlandırılıblar.