Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
11 Sentyabr, 2014 09:36 1326

Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi "ADEX-2014" Sərgisinin açılışı oldu

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisinin açılışı oldu.

Açılışda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir sıra ölkələrin müdafiə nazirliklərinin nümayəndələri iştirak edirdilər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Respublika Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxudu.

Sonra müdafiə sənayesi naziri Yavər Camalov çıxış etdi.

Nazir  Azərbaycanda və regionda ilk dəfə keçirilən birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisi münasibətilə tədbirdə iştirak edən nümayəndə heyətlərini, iştirakçı şirkətlərin nümayəndələrini və ziyarətçiləri salamladı, sərgi çərçivəsində keçiriləcək görüşlərin hər kəs üçün uğurlu olmasını arzuladı və Respublika Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına göndərdiyi təbrik məktubunda qeyd olunan xoş sözlərə görə ölkə Prezidentinə təşəkkürünü bildirdi.

Qeyd etdi ki, sərginin Azərbaycanda  keçirilməsi təsadüfü deyil. Cənubi Qafqaz regionunda yerləşən ölkələr müstəqilliklərini elan etdikdən və BMT tərəfindən tanındıqdan sonra bu ölkələr milli təhlükəsizliyə, ölkədaxili sabitiliyin qorunub saxlanılmasına böyük əhəmiyyət verirlər. Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ərazisinin 20 faizi zəbt edilmiş və 1 milyondan artıq əhalisi daimi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu səbəbdən respublikanın müharibə şəraitində olmasını nəzərə alaraq, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri Müdafiə Sənayesi Nazirliyinin yaradılması olmuşdur.

Ümumimilli lider Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi illərdən bu günə qədər uğurlu inkişaf yolu keçmişdir. Xüsusilə, son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində respublikada siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilmişdir.

Son illərdə Azərbaycan Respublikasının sürətli inkişafı hesabına ölkənin güclü iqtisadi və hərbi potensialı formalaşmış, cəmiyyət həyatının bütün sahələri müasirləşmişdir. Azərbaycan ümumdünya səviyyəli proseslərin fəal iştirakçısı olmaqla, mühüm siyasi, iqtisadi və humanitar təşəbbüslərin müəllifi kimi beynəlxalq arenada böyük nüfuz qazanmışdır. Qarşıya qoyulmuş əsas strateji vəzifələr elmi əsaslara malik dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uğurla icra olunur. 

Əldə olunmuş nailiyyətlərin növbəti illərdə də davamlılığının təmin edilməsi ilə bağlı əsas istiqamətlər müəyyənləşdirilmişdir. Bu məqsədlərə nail olmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında respublikanın sosial-iqtisadi inkişafının prioritet vəzifələri müəyyən edilmişdir.

Azərbaycanda qısa dövr ərzində dünyanın aparıcı maliyyə və iqtisadi qurumlarının diqqətini cəlb edən yüksək nəticələr əldə olunmuşdur. Təsadüfi deyil ki, 2013-cü ilin aprelində Davos Dünya İqtisadi Forumu məhz Bakıda keçirilmişdir. Sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlər danılmazdır. 2004-cü ildən sonra ötən dövr ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi 5,5 faizə, işsizlik isə 4,8 faizə enmişdir. Azərbaycanda müasir sosial-iqtisadi infrastruktur yaradılmış, respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunmuşdur. Hazırda dövlət büdcəsinin 20 milyard dollardan çox olması və valyuta ehtiyatlarının 50 milyard dollara, ümumi daxili məhsulun isə 70 milyard dollara çatması həyata keçirilən strategiyanın nəticəsidir. Minlərlə istehsal obyekti yaradılmış, müasir texnologiyalara əsaslanan müəssisələr fəaliyyətə başlamışdır. Həticədə 1,2 milyondan çox yeni iş yerləri açılmışdır. Nəhəng infrastruktur layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Cənubi Qafqazın və Xəzər dənizi hövzəsinin nəqliyyat mərkəzinə çevrilmışdir. Regional inkişaf proqramlarının davamlı olaraq həyata keçirilməsi bölgələrin simasını əsaslı şəkildə dəyişmiş və müasirləşdirmişdir.

Nazir Azərbaycanın dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındığını, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq Humanitar Foruma və digər mötəbər tədbirlərə ev sahibliyi etdiyini  də vurğuladı. Bildirdi ki, 2015-ci ildə birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə, Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha nümayiş etdirəcəkdir.

Bütün bunlarla yanaşı, Azərbaycanın hərbi qüdrəti durmadan artır. Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq, nizam-intizam, silah-sursat, texniki təchizat və döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusuna çevirilmişdir.

Son illər Azərbaycanda müdafiə sənayesi sahəsi uğurla inkişaf etmiş, buraxılan hərbi təyinatlı məhsulların çeşidi artmış, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılmışdır. Azərbaycan Ordusu bu gün işğal olunmuş ərazilərin azad edilməsi də daxil olmaqla qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirmək iqtidarındadır.

Yavər Camalov qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2014-cü il “Sənaye ili” elan edilmiş və ötən müddət ərzində sənayenin bütün istiqamətləri üzrə uğurlu nəticələr əldə edilmişdir.

Bu gün öz işinə başlayan beynəlxalq müdafiə sənayesi sərgisində dünyanın 34 ölkəsindən 200-dən çox şirkət və rəsmi heyət iştirak edir. Sərgidə xeyli sayda ölkələrin şirkət və özəl qurumlarının iştirak etməsi onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən nazirlik qısa müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanmışdır. Hazırda dünyanın 34 ölkəsinin hərbi sənaye kompleksinin və digər aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq yaradılıb.

Dost, tərəfdaş ölkələrlə əməkdaşlıq nəticəsində respublikanın milli təhlükəsizliyini təmin etmək üçün hərbi texnika, silah və döyüş sursatı istehsal edən müəssisələr tamamilə yenidən qurulmuşdur. Müasir texnologiyalara malik olan şirkətlərlə əməkdaşlıq nəticəsində MSN-in müəssisələri Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəmək iqtidarına sahib olmuşdur. Bu gün nazirliyin müəssisələri dünya və NATO standartlarına cavab verə biləcək məhsul istehsal etmək qabiliyyətinə malikdir. Bu nailiyyətlər istehsal edilən rəqabətə davamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaratmışdır.

Müdafiə Sənayesi Nazirliyi dünya ölkələrini, dost və müttəfiqləri təhlükəsizliyin qorunub saxlanması, ölkələr və şirkətlər arasında əlaqələrin genişləndirilməsi naminə birliyə dəvət edir və əməkdaşlığın müxtəlif sahələrinin genişləndirilməsini təklif edir.

Nazir keçirilən  “ADEX-2014”  Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin iştirakçılar arasında yeni əməkdaşlıq sahələrini müəyyən edəcəyini və əlaqələrin genişləndirilməsində öz töhfəsini verəcəyini ümid etdiyini bildirdi.

Qeyd etdi ki, “ADEX-2014” sərgisinin Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil edilməsi xüsusilə əhəmiyyətlidir. Günü-gündən yeniləşən, müasirləşən Azərbaycan və onun paytaxtı Bakı şəhəri son dövrlərdə müxtəlif beynəlxalq tədbirlərin və faydalı müzakirələrin ünvanına çevrilmişdir. Regionun özünəməxsus xüsusiyyətləri və inkişafı, eyni zamanda Azərbaycanın regionda iqtisadi baxımdan lider olması ilə yanaşı tərəqqiyə meyilli tədbirlərin həyata keçirilməsi bu sərginin əhəmiyyətini artırmışdır. Bu sərgi də dünyada sülhə, təhlükəsizliyə xidmət edəcək və uğurlu əməkdaşlıq əlaqələrinin inkişafına səbəb olacaqdır.

Sonda nazir tədbirin uğurlu keçməsi üçün çalışan hər bir kəsə və xüsusilə Təşkilat Komitəsinə öz təşəkkürünü bildirdi və  tədbir iştirkçılarını növbəti illərdə keçiriləcək ikinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə dəvət etdi.