Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
13 Sentyabr, 2014 16:15 1326

Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi "ADEX-2014" Sərgisi başa çatdı

“ADEX-2014” adı altında Azərbaycanda keçirilən birinci beynəlxalq müdafiə sənayesi sərgisi öz işini başa çatdırdı.

Üç gün davam edən sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və s. daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edirdi.

Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirdilər. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Azərbaycan Milli Pavilyonu müdafiə sənayesinin yeniliklərini nümayiş etdirdi. 2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirdi.

Sərgi zaman müdafiə sənayesi naziri Yavər Camalovun və nazirliyin digər rəsmilərinin sərgiyə qatılan şirkətlərin əksəriyyətinin nümayəndələri ilə ikitərəfli görüşləri oldu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparıldı. Görüşlərdə ikinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə dəvətlər çatdırıldı.

Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX -2014” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi.

Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri ilə yanaşı Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılmış Xüsusi Texnika və Texnologiya Fakultəsinin tələbələri də var idi.

Sərgiyə yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraq göstərildi.

Sərgi çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusuna həsr edilmiş konfrans keçirildi.