Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
25 Yanvar, 2024 11:00 1278

Azərbaycanın müdafiə sənayesi sürətli inkişaf yolundadır

Heydər Əliyevin yaratdığı möhkəm bünövrə

 

Bu gün uğurları ilə fəxr etdiyimiz Azərbaycanın müdafiə sənayesinin ilk intibah dövrü, onun etibarlı təməllərinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, müdafiə sənayesinin yaradılması və inkişaf etdirilməsi sahəsində də mühüm işlər görülmüşdü. Hər bir sahədə respublikamızın gələcəyini düşünən Heydər Əliyev Azərbaycanda yeni sənaye müəssisələrinin, o cümlədən hazırda ölkəmizin müdafiə sənayesinin əsasını təşkil edən müəssisələrin yaradılması məsələsini hər zaman diqqət mərkəzində saxlamış, bu barədə müxtəlif vaxtlarda SSRİ rəhbərliyi qarşısında məsələ qaldırmış və istəyinə nail olmuşdu.
Ulu Öndər Heydər Əliyevin təklifləri və gərgin zəhməti sayəsində Azərbaycanda Radio Maşınqayırma zavodu ("Robot" zavodu), Tərtərdə Lionozov Elektromexanika zavodunun filialı, Xaçmazda, Siyəzəndə və Lənkəranda "Kondesator" zavodları yaradılmışdı. Habelə  Heydər Əliyevin təşəbbüsləri ilə Bakı "Mikrosxematexnika" Xüsusi Konstruktor Bürosunun bazasında  "Azon" zavodu, Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində tikilib istismara verildi. Xalqımızın dahi övladı Azərbaycanda hərbi sənaye kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına təkan verəcək "Ulduz" Elmi-İstehsalat Birliyi, Əli Bayramlı "Araz" zavodu, "Rabitə" Elmi-Tədqiqat İnstitutu kimi yeni müəssisə və zavodların tikilib istismara verilməsinə də nail olmuşdu. Azon Optika-Mexanika ("Alov") zavodunun filialının, gəmiqayırma sənayesi üzrə Bakı Elektro Mexaniki İnstitutunda yeni istehsal sahələrinin, sonradan onun bazasında "Nord" Elmi-İstehsalat Birliyinin yaradılması, aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi də məhz Heydər Əliyevin  təşəbbüslərinin nəticəsi idi və bütün bunlar müdafiə sənayesinin inkişafına təkan vermişdir. 
1978-ci ildə "Kaspi" Elmi Mərkəzinin bazasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun  yaradılması, 1982-ci ildə isə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu təcrübi istehsalat sahəsinin və poliqonunun əsasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinin təşkil edilməsi keçmiş SSRİ dövründə ölkəmizdə kosmik tədqiqatlar sahəsində fəaliyyəti açıqlanan ilk müəssisələr idi.
Bütövlükdə 1970-1982-ci illərdə respublika ərazisində müdafiə təyinatlı elmi və istehsal müəssisələri də daxil olmaqla çoxlu sayda zavod, fabrik, istehsalat sexləri istifadəyə verilmişdi. O dövrdə Azərbaycanda istehsal edilən sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə müdafiə sənayesində möhkəm təməlləri qoyulmuşdu.

 

Müdafiə sənayesinin modern inkişaf mərhələsi

 

Bu gün Azərbaycanın inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi   məhz Heydər Əliyev ideyalarının yaşamasının, Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Hər bir uğurumuz göstərir ki, Ümummilli Liderimizin siyasi kursu, milli inkişaf konsepsiyası layiqincə davam etdirilir.
Xatırladaq ki, respublikamızın müdafiəsini təmin edən ordunun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2003-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Bu proqramda hərbi sahədə kənardan asılılığın azaldılması və Silahlı Qüvvələrimizin yeni məhsullarla təminatı nəzərdə tutulurdu. Prezident İlham Əliyevin  16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilib və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb.
Azərbaycan Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra respublikamızda bu sahənin inkişafı tamamilə yeni mərhələyə qədəm qoyub. Yaradıldığı vaxtdan etibarən Müdafiə Sənayesi Nazirliyi qəbul edilmiş strateji proqram və planlar üzrə Silahlı Qüvvələrin imkan və qabiliyyətinin qarşıda duran mühüm vəzifələrə uyğun inkişaf etdirilməsi, habelə əməliyyatların yeni üsul və formalarla aparılması üçün zəruri silah, hərbi və xüsusi texnika növlərinin tətbiqinə, onların yerli istehsalına və təminatına tam və fasiləsiz səfərbər olunub.  Nazirliyin "İqlim" Elmi İstehsalat, "Telemexanika", "Peyk", "Azon",  "Alov", Elektron Hesablayıcı Maşınlar və "Radioquraşdırma" , "Dalğa", "Araz" , "Avia-Aqreqat, "Sənayecihaz"  kimi müəssisə və zavodlarında Silahlı Qüvvələrimizin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla, eləcə də xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradılıb.

 

Tapança, pulemyot, minaatan, qumbaraatan, snayper tüfəngi, PUA, zirehli hərbi texnika…

 

Həyata keçirilən tədbirlərin nəticəsi kimi, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin atıcı silahlara olan tələbatı nəzərə alınaraq, piyada və tank əleyhinə minaların, qumbaraatanların, minaatanların, müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və patronların istehsalı mənimsənilmiş və seriyalı tədarükünə başlanılmışdır. Məsələn, "Zəfər", "Zəfər-K", "İnam" tapançaları, PKT, PKM, pulemyotları, "Mübariz", "İstiqlal", "Yalquzaq", "Yırtıcı"  snayper tüfəngləri, "Boran" artilleriya qurğusu, "Qaya" tank əleyhinə əl qumbaraatanları, "Komando" tipli "Aşırım" minaatanları,  "Matador" və "Marauder" zirehli hərbi texnikaları keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silah və texnikalardan hesab olunur.
Azərbaycanın iqtisadi imkanları ilbəil artdıqca güc strukturlarının müasir standartlar səviyyəsində və özündə yeni texnologiyaları cəmləşdirən silah sistemləri ilə təchiz edilməsi, bununla yanaşı, XXI əsr müharibələrinin müqəddəratını həll edən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının - PUA-ların yerli istehsalı sahəsində də mühüm addımlar atılıb. Bu məqsədlə Müdafiə Sənayesi Nazirliyinin tabeli qurum və müəssisələrində qısa müddət ərzində yenidənqurma işləri aparılıb, milli mütəxəssislərin hazırlığı sonrakı illərdə yüksək texnologiyalı hərbi məhsulların daha da təkmilləşdirilməsinə şərait yaradıb. "Zərbə" , "Orbiter 1", "Orbiter 1 KM" (İti qovan), "Orbiter 2",  "Orbiter 3" kimi PUA-lar məhz milli müdafiə sənayemizin uğurlarıdır. Hazırda PUA-ların, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi və seriyalı istehsalının təşkili ilə bağlı müvafiq tədbirlər davam etdirilir. 
Ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində "Bakı-Ekspo" Mərkəzində təşkil olunan "SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgidə isə ilk dəfə olaraq ölkəmizdə yeni yaradılan "AH-12,7" iriçaplı pulemyot da təqdim olunub.  Bu sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla, 88 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib. MSN-in nümayiş etdirdiyi bu və digər məhsullar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Ötən müddətdə bir sıra ölkələrin tanınmış şirkətləri ilə əməkdaşlıq çərçivəsində mənimsənilərək tətbiq edilmiş texnologiyalar üzrə müdafiə sənayemizdə 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Atıcı silahlar və onların patronlarının, tapança, avtomat, pulemyot və toplar üçün müxtəlif çaplı lülələrin, 122 və 125 millimetrlik tank və artilleriya topları üçün atəş yığımlarının istehsalı, qumbaraatan və minaatanların atəş yığımlarının doldurulma sahələri, optik cihazların, zirehli döyüş maşınlarının və sair texnikaların hazırlanması bu yöndə görülmüş işlərin bariz göstəricisidir.
Azərbaycanın müdafiə təyinatlı məhsullarının xarici bazarlara çıxarılmasına xüsusi önəm verən Müdafiə Sənayesi Nazirliyi hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı faydalı əlaqələrin inkişafı və yerli istehsalın ən yeni nailiyyətlərinin nümayişi məqsədilə müxtəlif ölkələrdə keçirilən beynəlxalq müdafiə, silah və hərbi-xüsusi texnika sərgilərində mütəmadi iştirak edir. Son illər İstanbulda "İDEF-2021", Əbu-Dabidə "İDEX-2021", Minskdə "MİLEX-2021", Belqradda "Partner-2021", Moskvada "ARMİYA-2021", Dohada "DİMDEX-2022", Kuala-Lumpurda "DSA-2022", Parisdə "Euronaval-2022", İstanbulda "SAHA EXPO-2022", İordaniyada "SOFEX-2022", Kəraçidə "İDEAS-2022", Əbu-Dabidə "İDEX-2023", İstanbulda "İDEF-2023, Qahirədə "EDEX-2023  kimi mötəbər sərgilərdə Müdafiə Sənayesi Nazirliyi yüksək səviyyədə təmsil olunub.
2014-cü ildən etibarən iki ildən bir Azərbaycanda da "ADEX" Beynəlxalq Müdafiə Sərgisi təşkil edilir. Son olaraq 2022-ci ilin sentyabrında Bakıda IV "ADEX" və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgiləri keçirilib. Belə sərgilər ölkəmizin müdafiə sənayesi kompleksini dünyaya tanıdır. 

 

Yerli məhsullar döyüş sınağından layiqincə çıxdı

 

2020-ci ilin Vətən müharibəsində Azərbaycan dövləti torpaqlarını işğaldan azad edərək tarixi ədaləti yoluna qoydu. 2023-cü ilin sentyabrında isə antiterror tədbirlərinin nəticəsində Qarabağda erməni separatçılığı darmadağın edildi. Qazandığımız bu zəfərlər bütün dünyaya Azərbaycanın həm də hərbi gücünü, qüdrətini nümayiş etdirdi. Eyni zamanda bu qələbələr Azərbaycanın gücünün və xalqımızın milli birliyinin təcəssümü oldu. 
İndi bütün azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik.
Fəxr hissi ilə qeyd etməliyik ki, Azərbaycanın dövlətçilik tarixinin və hərbi salnaməsinin şərəfli səhifəsini təşkil edən Vətən müharibəsindəki tarixi Zəfərin qazanılmasına Müdafiə Sənayesi Nazirliyi özünün layiqli töhfələrini verdi. Nazirliyin fədakar kollektivi 44 günlük Vətən müharibəsində  gücləndirilmiş iş rejimində çalışıb, Şanlı Azərbaycan Silahlı Qüvvələrini müasir silah-sursat, döyüş texnikası və PUA-larla fasiləsiz təchizatını təmin edib. MSN-in zavod və müəssisələrində istehsal edilən silah və sursatlar bu savaşda sınaqdan layiqincə çıxıb.
Eyni zamanda Müdafiə Sənayesi Nazirliyinin döyüş əməliyyatlarında iştirak edən işçiləri qəhrəmanlıq nümunələri göstəriblər. Onlardan üç nəfər şəhidlik zirvəsinə ucalıb, 72 nəfər isə qazi olub. 
Aydın məsələdir ki, müdafiə sənayesinin davamlı inkişafı üçün müasir biliklərə və bacarıqlara malik kadrların olması vacib məsələlərdəndir. Təsadüfi deyil ki, bu cür müəssisələrin uğurlarının əsas səbəblərindən biri mütəxəssislərin təcrübəsi ilə bağlıdır. 
Gənc mütəxəssislər Müdafiə Sənayesi Kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə yaradılmış Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsinin məzunları arasından seçilir. Bu da onu göstərir ki, hazırda respublikamızda müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadr hazırlığına hər cür imkanlar var. Dövlətimiz yüksəkixtisaslı mütəxəssis hazırlığı üçün gərəkən bütün addımları atır.
Qarşıda isə bizi yeni möhtəşəm uğurlar gözləyir. Təbii ki,  bu yolda respublikamızın müdafiə sənayesi də özünün yeni töhfələrini verəcək. Hazırda milli sənayemizin bu istiqaməti sürətli inkişaf yolundadır. Təsadüfi deyil ki, respublikamız öz daxili ehtiyaclarını ödəməklə yanaşı, onlarla ölkəyə hərbi məhsul ixrac edir. Bütövlükdə isə müdafiə sənayesində əldə edilən bütün uğurlar bu sahənin modern çağırışlara uyğun inkişafı ilə bağlı düşünülmüş və əsaslandırılmış mütərəqqi dövlət siyasətinin nəticəsində mümkün olub.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

AZƏRBAYCAN QƏZETİ