Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
05 May, 2023 14:00 3116

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ulu Öndərə həsr edilmiş abidənin təntənəli açılışı olub

5 may tarixində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin birində Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ulu Öndərə həsr edilmiş abidənin təntənəli açılışı olub.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev abidənin açılışını etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Mədət Quliyev Möhtərəm Prezident cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi haqqında Sərəncamına uyğun olaraq, Müdafiə Sənayesi Nazirliyi tərəfindən görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirildiyini və bu tədbirlərdə bənzərsiz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin nurlu ideyalarının daha dərindən öyrənildiyi, təbliğ edildiyi, Azərbaycanın davamlı tərəqqisi və qüdrətlənməsi naminə fəaliyyətdə rəhbər tutulduğunu bildirib.

Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyini qeyd edən Mədət Quliyev, xalqımızın onun əziz xatirəsini həmişə uca tutduğunu və hər zaman minnətdarlıqla xatırladığını vurğulayıb.

Nazir Heydər Əliyevin müstəqil Azərbaycanın müasir müdafiə sənayesinin yaradılmasına və inkişafına xüsusi diqqət göstərdiyini, Onun rəhbərliyi ilə respublikanın müharibə vəziyyətində olması nəzərə alınaraq, ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyini və bu tədbirlərin bu gün Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ardıcıl və qətiyyətlə həyata keçirdiyi uğurlu siyasi-iqtisadi, hərbi və diplomatik strategiyası nəticəsində əks-hücumla başlayan 44 günlük Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatdığını qeyd edən Mədət Quliyev, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində Möhtərəm Prezident, cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində qazanılmış möhtəşəm Qələbənin parlaq nəticələrindən daha biri - Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını və bu tarixi hadisənin xalqımız və bütün tərəqqipərvər dünya tərəfindən böyük coşqu və rəğbətlə qeyd edildiyini də xüsusi vurğulayıb.

Sonra Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub, xatirə şəkli çəkdirilib. Tədbir iştirakçıları müəssisədə yerləşən “Heydər Əliyev” muzeyi və Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məhsullarının sərgisi ilə tanış olublar.