Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
19 Dekabr, 2018 17:27 2813

Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirir

Dekabrın 18-də Ankarada başlayan Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirir. Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun da qatıldığı iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi sənaye, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilir.

Hərbi dialoq çərçivəsində 2019-cu il üzrə fəaliyyət planının razılaşdırılması da nəzərdə tutulur.

XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 20-dək davam edəcək.

Yaxın zamanlarda Ankarada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Cumhuriyyətinin aidiyyəti qurumları arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşünün keçirilməsi planlaşdırılır. Zirvə görüşü sentyabrda Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində əldə olunmuş razılığa əsasən reallaşacaq.