Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
31 May, 2023 16:00 550

Azərbaycan silahının artan şöhrəti qürurvericidir

Vətənpərvər, Azərbaycançılıq məfkurəsinə və milli mənəvi dəyərlərə sadiq, sağlam, savadlı və geniş dünyagörüşlü gəncliyin yetişdirilməsi istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətinə digər aidiyyəti orqanlarla yanaşı, Müdafiə Sənayesi Nazirliyi də sanballı töhvələrini verməkdə davam edir.

“Heydər Əliyev İli” çərçivəsində “İrəli” İctimai Birliyinin müraciəti əsasında gənclər üçün Mudafiə Sənayesi Nazirliyinə infotur təşkil edilib.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev muzeyində Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar. Görkəmli dövlət xadimi Heydər Əliyevin və dahi rəhbərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin müdafiə sənayesinin yaradılmasında və inkişafındakı misilsiz xidmətləri barədə onlara ətraflı məlumat verilib.

Sonra gənclər müasir üslubda tərtib olunmuş sərgi salonunda Müdafiə Sənayesi Nazirliyinin tabeli birlik və müəssisələrində istehsal edilən müxtəlif növ müdafiə təyinatlı məhsulların bir qismi ilə yaxından tanış olublar.

Məlumat verilib ki, birinci Qarabağ müharibəsində 29 şəhidi olan Müdafiə Sənayesi Nazirliyinin fədakar kollektivi 44 günlük Vətən müharibəsində də gücləndirilmiş iş rejimində çalışıb, Şanlı Azərbaycan Silahlı Qüvvələrini müasir silah-sursat, döyüş texnikası və PUA-larla fasiləsiz təchizatını təmin edib. Eyni zamanda MSN-in əlində silah “Dəmir yumruq” xüsusi hücum əməliyyatında iştirak edən işçiləri qəhrəmanlıq nümunələri göstəriblər, üç əməkdaş şəhidlik zirvəsinə ucalıb, 72 nəfər isə qazi olub. 2016-ci il Aprel döyüşlərində və sonrakı zəfərlərdə, Şuşada tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi ilə Azərbaycan Silahı düşmənə öz gücünü və qüdrətini əməli döyüş şəraitində bir daha göstərib.

Daha sonra gənclərə MSN-in fəaliyyətindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan və müharibə iştirakçısı olan əməkdaşlarından bəhs edən “Tarix yazan qəhrəmanlar” kitabları hədiyyə olunub.

“İrəli” İctimai Birliyinin üzvləri müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə maraqlı infoturun təşkilinə görə təşəkkürlərini bildirib, belə tədbirlərin davamlı olmasını və yenə iştirak etmək arzusunda olduqlarını diqqətə çatdırıblar.

Sonda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ucaldılmış abidənin ətrafında xatirə şəkli çəkdirilib.