Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 İyul, 2020 10:00 1267

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Heç kim qanundan üstün deyil”

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.

Prezident İlham Əliyevin
müsahibəsi

-Cənab Prezident, vaxt tapıb suallarımızı cavablandırdığınıza görə təşəkkür edirəm. Birinci sualım bugünkü modul tipli xəstəxana ilə bağlı olacaq. Yaradılan şəraitlə tanış oldunuz. Bununla bağlı təəssüratlarınızı bölüşməyinizi xahiş edirəm.

- Təəssüratlar çox müsbətdir. Əsas odur ki, bu xəstəxana çox qısa müddət ərzində ərsəyə gəlib və burada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Nəzərə alsaq ki, COVID xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpayılar lazımdır və bu istiqamətdə işlər aparılır.

Bu xəstəxanada bütün lazımi şərait yaradılıbdır. Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait vardır. Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır. Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaqdır.

- Cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, son vaxtlar Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar modul tipli xəstəxanalar açılır və Siz də növbəti dəfə belə bir tibb ocağının açılışında iştirak etdiniz. Qısa olaraq toxundunuz, amma istərdim, mümkünsə ətraflı məlumat verəsiniz ki, gələcəkdə də əlavə belə tibb ocaqlarının yaradılması, inşası nəzərdə tutulurmu?

- Bəli, nəzərdə tutulur. Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq. Əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı. Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır.

Ümumiyyətlə hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq.

Bildirməliyəm ki, bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350.

-Cənab Prezident, dünyada, o cümlədən ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti qiymətləndirməyinizi istərdik.

- Bildiyiniz kimi, dünyada koronavirus xəstəliyi daha geniş vüsət alır. Bizim kimi, bəzi ölkələr yumşalma tədbirlərindən sonra gördülər ki, xəstəliyin yayılma tempi geniş vüsət alıbdır. Ona görə indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hesab edirəm ki, bu, düzgün qərardır. Çünki bu gün bu xəstəliyin tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan halda yoluxanların sayı bundan sonra da arta bilər.

Bizə gəldikdə, bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.

Xəstəxanaların buna hazır olması məsələləri də öz həllini tapıb. Deyə bilərəm ki, bu 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Bu xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir.

Əlbəttə ki, biz məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlarımızı vəziyyətə uyğun şəkildə atırıq. May ayının əvvəlində biz birinci yumşalma addımları atanda mən demişdim ki, xəstəliyin yayılma sürətinin artdığını görsək, yenidən sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərə qayıtmalı olacağıq, belə də oldu. Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır. Bildirməliyəm ki, bir çox ölkələr yenə də karantin rejiminin daha da sərt formasına qayıdırlar.

Əlbəttə, hər bir məsələ müqayisə tələb edir və deyə bilərəm ki, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. O ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır.

Bu xəstəlik bir şeyi də göstərib - adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.

Biz, əlbəttə, bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni, biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.

-Cənab Prezident, karantin rejiminə toxundunuz. Bu cür karantin rejiminin nə qədər davam edəcəyini proqnozlaşdırmaq olar? Yəni, hansısa bir səviyyə varmı özümüz üçün onu əsas tutaraq deyə bilək ki, karantin rejimi filan vaxt yekunlaşa bilər.

-Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik.

Daha ətraflı : AZƏRTAC