Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
24 Dekabr, 2019 08:39 3376

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib

- Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki, belə bir şərait yaratmısınız və müsahibə ilə bağlı müraciətimizə müsbət cavab vermisiniz. Əlbəttə, bu, bizim üçün imkandır və biz müxtəlif sahələrlə bağlı suallar hazırlamışıq. Amma mən istərdim ki, 2019-cu il ərzində beynəlxalq münasibətlər sistemində regional və qlobal miqyasda Azərbaycanın atdığı addımlar və əldə etdiyimiz diplomatik nəticələrlə bağlı Sizin fikirlərinizi eşidək. Ümumiyyətlə, 2019-cu il bu baxımdan bizim üçün nə ilə yadda qaldı?

- 2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun.

O ki qaldı, xarici siyasətlə bağlı olan məsələlərə, hesab edirəm ki, bu sahədə də böyük uğurlar əldə edilib. Bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıbdır, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib. Deyə bilərəm, - mən dəfələrlə bu mövzu ilə bağlı fikirlərimi bildirmişəm,- qonşu ölkələrlə münasibətlər hesab edirəm ki, bütövlükdə hər bir ölkə üçün xüsusi məna daşıyır, o cümlədən Azərbaycan üçün. Mən çox məmnunam ki, son illər ərzində qonşu ölkələrlə bizim əlaqələrimiz inkişaf edir. Bu əlaqələr qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulubdur. Mənim qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olub və hər bir görüş məhsuldar olub. Ona görə hesab edirəm ki, bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları bu əlaqələri gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib. Artıq Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə bizim üçtərəfli əməkdaşlıq formatımız var. Bu format həm məna, həm də ki, əldə edilmiş nailiyyətlər baxımından çox müsbət formatdır. Eyni zamanda, bizim başqa ölkələrlə ikitərəfli əlaqələrimiz inkişaf edibdir. Deyə bilərəm ki, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ki, ikitərəfli formatda. Bu baxımdan bu il rekord il olmuşdur.

Bu il ölkəmizdə önəmli beynəlxalq tədbirlər keçirilib. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etmək olar. Bildiyiniz kimi, Azərbaycan bu təşkilatda çox fəal rol oynayır və təşkilata sədrlik Azərbaycana keçibdir. Biz bu təşkilata bir il ərzində sədrlik edəcəyik. Eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilibdir. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcəkdir. Qeyd etdiyim kimi, bizim sədrliyimiz yekdil qərarla qəbul olunub. Bunun çox böyük mənası var. Çünki Qoşulmama Hərəkatında birləşən ölkələrin arasında bəzi ixtilaflar var, qarşıdurma da var, anlaşılmazlıq da var. Bəzi ölkələr bir-biri ilə, sadə dildə desək, yola getmirlər. Belə olan halda, bütün dövlətlər tərəfindən bizə göstərilən dəstək əlbəttə ki, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, Azərbaycana çox böyük hörmət və böyük rəğbət var. Biz üç il ərzində bu təsisata sədrlik edəcəyik və bu sədrlik formal xarakter daşımayacaq. Biz istəyirik ki, bu təsisatın dünyadakı rolunu artıraq. Azərbaycan sədrliyi dövründə bir neçə önəmli təşəbbüslə çıxış edəcəkdir. Bu təşəbbüslərin əsas mahiyyəti ondan ibarətdir ki, dünyada beynəlxalq əməkdaşlıq yeni pilləyə qalxsın və ölkələr arasında, o cümlədən sivilizasiyalararası məsələlər sağlam təməl üzərində öz həllini tapsın. Bizim bu sahədə çox böyük təcrübəmiz vardır.

Eyni zamanda, hesab edirəm ki, bu il Avropa İttifaqı ilə bizim əlaqələrimiz uğurla inkişaf edib. İl ərzində bir neçə önəmli tədbir keçirilib, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti cənab Tuskun iyul ayında Azərbaycana səfəri xüsusi məna daşıyır. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bu il müsbət istiqamətdə inkişaf edibdir. Onu da bildirməliyəm ki, keçən il Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanmışdır. Bu sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək ifadə edilmişdir. Eyni zamanda, Qoşulmama Hərəkatının Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq ifadələr öz əksini tapıbdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da Yekun Bəyannaməsində buna oxşar bənd öz əksini tapıbdır. Beləliklə, Qoşulmama Hərəkatında birləşən 120 ölkə, Avropa İttifaqına üzv olan 28 ölkə, eyni zamanda, türkdilli ölkələr, hansılar ki, Qoşulmama Hərəkatına üzv deyil, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləyir, bizə inanır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini bizim mövqeyimizi dəstəkləyərək ərazi bütövlüyü çərçivəsində görür. Hesab edirəm ki, bu, xarici siyasət istiqamətində yaddaqalan əsas məsələlərdir. Əlbəttə ki, bizim xarici siyasətimiz çox çevikdir, çox düşünülmüşdür. Hesab edirəm ki, xarici siyasətlə bağlı bütün başqa məsələlər və nəticələr yüksək qiymətə layiqdir.

 

Daha ətraflı: Azərtag