Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
10 Mart, 2025 16:41 263

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib

Martın 10-da Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Nazirliyin şöbə və sektor müdirlərinin eyni zamanda, tabeli qurumların aidiyyəti əməkdaşlarının iştirakı ilə Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov vurğulayıb ki, Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dilinə çevrilməsi, gündəlik həyatda, praktikada bu dildən istifadə edilməsi, dünya diplomatiyası sahəsində tətbiqi və böyük hörmət qazanması Ulu Öndər Heydər Əliyevin  yorulmaz və çoxşaxəli  fəaliyyətinin, diqqət və qayğısının nəticəsidir.  Ümummilli Lider bildirmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq görərik ki, tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin  inkişafı və qorunması prioritet məsələlər sırasında olub.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ana dilimizlə bağlı siyasətində də Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi çıxış edir və bu işi uğurla davam etdirir. 2022-ci il 22 aprel tarixində Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı cənab Prezident dilimizi öyrənməyin və qorumağın vacibliyini, eləcə də dünya azərbaycanlılarının birliyinin təmin olunmasında doğma dilimizin rolunu bir daha diqqətdə çatdırıb və beynəlxalq arenada bunun əhəmiyyətini vurğulayıb: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir.”

Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən cənab Prezident İlham Əliyev tərəfindən dilimizin inkişafına yönələn mühüm addımlar atılır. Belə ki, cənab Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə imzalanan sənəddə hədəfə nail olmaq üçün görüləcək tədbirlər öz əksini tapıb.

Hər hansı bir dilin qoruyucusu və daşıyıcısı onu təmsil edən xalqdır. Məhz bu mühüm amili nəzərə alaraq, hər bir Azərbaycan vətəndaşı millətimizin varlığı və qürur mənbəyi olan dövlət dilini ürəkdən sevməli, sevdirməli və bu dildə danışmağı ilə fəxr etməlidir.

Tədbirdə sənədlərin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanması və sənədləşmə işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun aparılması barədə müvafiq tövsiyyələr verilib, ədəbi dilin forma və mərhələləri, Azərbaycan dilinin norma və üslubları, xüsusilə rəsmi yazışmalarda istifadə olunan rəsmi-işgüzar üslub qaydaları barədə çıxışlar dinlənilib.

Sonda Nazirliyin əməkdaşlarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.