Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
10 Dekabr, 2021 15:00 647

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində cari ilin 10 dekabr tarixində onlayn formatda Nazirliyin şöbə, sektor müdirlərinin eyni zamanda tabeli birlik və müəssisələrin aidiyyəti əməkdaşlarının iştirakı ilə Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə Nazirliyin aparat rəhbəri Zaur Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə olduğu kimi, müstəqillik illərində də Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində gördüyü müstəsna işlər barədə müşavirə iştirakçılarına məlumat verib.

Belə ki, 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olunub. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri isə Prezident Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman olub. 

Bu Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Bununla da respublikamızda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin ölkənin iqtisadi, siyasi və mədəni həyatında işlənməsi zərurətini və bütün yazışma işlərinin Azərbaycan dilində aparılmasını rəsmiləşdirilib. 

Zaur Əliyev qeyd edib ki, bu siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Cənab Prezidentin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi qətiyyət, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabrda “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” imzalanmış prezident sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirib. 

Tədbir zamanı müşavirə iştirakçıları qeyd olunan mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər. Hazırda qloballaşma prosesi siyasi, iqtisadi və ictimai-mədəni təmərküzləşmə fonunda dilləri də yoxolma təhlükəsi ilə üz-üzə qoyduğu üçün, ana dilini qoruyub-yaşatmağın necə önəmli bir vəzifə olduğu bir daha iştirakçılar tərəfindən bəyan edilib.

Eyni zamanda, tədbirdə sənədlərin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanması və sənədləşmə işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun aparılması barədə Nazirliyin əməkdaşlarına müvafiq tövsiyyələr verilmiş, ədəbi dilin forma və mərhələləri, Azərbaycan ədəbi dilinin norma və üslubları, düzgün cümlə quruluşu, xüsusilə rəsmi yazışmalarda istifadə olunan rəsmi-işgüzar üslub, köməkçi nitq hissələri və durğu işarələrinin cümlədə düzgün istifadə olunması qaydaları barədə çıxışlar dinlənilib.

Sonda Nazirliyin əməkdaşlarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.