Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
15 Mart, 2023 12:00 364

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində cari ilin 14 mart tarixində  Nazirliyin şöbə, sektor müdirlərinin eyni zamanda tabeli birlik və müəssisələrin aidiyyəti əməkdaşlarının iştirakı ilə Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə Nazirliyin aparat rəhbəri Zaur Əliyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr etdiyini, bu yolda misilsiz tarixi uğurlar qazandığını, Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirərək, tükənməz övlad məhəbbəti, rəhbər uzaqgörənliyi ilə xüsusi qayğı göstərdiyi barədə müşavirə iştirakçılarına məlumat verib.

Hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması, nəticədə Azərbaycan dilçiliyinin sürətli inkişafı, eləcə də dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi Heydər Əliyevin şərəfli xidməti idi.

Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycan dili uğrunda on illər boyu necə şərəflə, cəsarətlə, elmi-nəzəri əsaslara söykənən prinsipiallıqla mübarizə aparması, obyektiv, real nəticələrə nail olması dünyada yaşayan bütün azərbaycanlılara, 50 milyonluq Azərbaycan xalqına ən gözəl nümunədir. Onun dil siyasətinin uğurları bütün incə, “görünməz” məqamları ilə öyrənilməli, ciddi elmi-analitik təhlil, tədqiq yolu ilə xalqımıza, xüsusilə gənc nəslə çatdırılmalıdır.

Zaur Əliyev qeyd edib ki, dahi xilaskar Heydər Əliyevin həyat, hakimiyyət, siyasət, diplomatiya universitetlərini uğurla bitirən, Heydər Əliyev ideyalarının xilaskarlıq qüdrəti ilə, tükənməz Azərbaycan sevgisilə silahlanan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev sabahlarımızın ən ümidverici, ən real, əsl ümumxalq sevgisi qazanan lideridir. Cənab Prezidentin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi qətiyyət, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabrda “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” imzalanmış prezident sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirib. 

Tədbir zamanı müşavirə iştirakçıları qeyd olunan mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər. Hazırda qloballaşma prosesi siyasi, iqtisadi və ictimai-mədəni təmərküzləşmə fonunda dilləri də yoxolma təhlükəsi ilə üz-üzə qoyur, onda ana dilini qoruyub-yaşatmağın necə önəmli bir vəzifə olduğu bir daha iştirakçılar tərəfindən bəyan edilib.

Eyni zamanda, tədbirdə sənədlərin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanması və sənədləşmə işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun aparılması barədə Nazirliyin əməkdaşlarına müvafiq tövsiyyələr verilib, ədəbi dilin forma və mərhələləri, Azərbaycan ədəbi dilinin norma və üslubları, düzgün cümlə quruluşu, xüsusilə rəsmi yazışmalarda istifadə olunan rəsmi-işgüzar üslub, köməkçi nitq hissələri və durğu işarələrinin cümlədə düzgün istifadə olunması qaydaları barədə çıxışlar dinlənilib.

Sonda Nazirliyin əməkdaşlarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.