Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
19 Sentyabr, 2024 14:33 410

Aparat rəhbəri: 2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgiləri müdafiə sənayesi sahəsinə həsr olunmuş ən nəhəng tədbirlər sırasındadır

2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgiləri müdafiə sənayesi sahəsinə həsr olunmuş ən nəhəng tədbirlər sırasındadır. Sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək bu sərgilər ölkəmizin müdafiə sənayesi potensialını nümayiş etdirir. Bu tədbirlər hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyətin qurulmasına, təcrübə mübadiləsinə və səmərəli əlaqələrin yaradılmasına şərait yaradır.

Bu sözləri Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev sentyabrın 19-da “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgilərinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

S.Ağabalayev bildirib ki, sərgilər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq: “Sərgilərin təşkilati dəstəyi “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkəti tərəfindən həyata keçirilir. “ADEX” sərgisinin qızıl sponsorları “Baykar” və “Israel Aerospace Industries”, bürünc sponsoru isə “Barzan Holdings” şirkətidir. Bu sərgilərin uğurla təşkil edilməsində diqqət çəkən məqam bu tədbirlərə müvafiq dövlət strukturları tərəfindən aktiv dəstəyin göstərilməsidir.

Ölkəmizin milli pavilyonunun tərkibində 4 stend fəaliyyət göstərəcək. Bakı Ekspo Mərkəzinin qapalı ərazisində Müdafiə Sənayesi Nazirliyinin 85 kvadratmetr sahəni əhatə edən 1 stendi, Nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin isə qapalı məkanda 256 kvadratmetr və 360 kvadratmetr sahələri əhatə edən 2, açıq ərazidə 500 kvadratmetr sahəni əhatə edən 1 stendi quraşdırılacaq”.

“Hər kəsə məlumdur ki, ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Dünyanın ən böyük və əhəmiyyətli beynəlxalq tədbirləri ölkəmizdə yüksək səviyyədə təşkil edilir. Bu il də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edirik. Bütün bu uğurlar dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin qətiyyətli siyasəti və həyata keçirilən dövlət proqramları sayəsində əldə olunub. Prezidentin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanı beynəlxalq arenada önəmli bir gücə çevirib. Sentyabrın 24-26-da keçiriləcək sərgiləri ziyarət edən qonaqlar milli pavilyonlarda və sərgi stendlərində müdafiə sənayesi sahəsindəki yeniliklərlə tanış olmaq imkanı əldə edəcəklər. Bu il sərgilərin miqyası daha genişdir. Ötən sərgilərdən fərqli olaraq bu sərgilər artıq Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş 4-cü zalı, eləcə də açıq sahəsi də daxil olmaqla bütün ərazini əhatə edəcək”, - deyə Samir Ağabalayev əlavə edib.

AZƏRTAC