"ADEX" və “Securex Caspian” sərgilərinin açılış mərasimi keçirilib
Sentyabrın 6-da Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə (Securex Caspian) sərgiləri öz işinə başlayıb.
Sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.
Qeyd edək ki, ADEX müasir silah və texnika sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra baş tutur. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilir. Sərgidə Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir.
Burada ümumilikdə 1000-dən artıq adda silah-sursat istehsal edən Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin 179 adda məhsulu sərgilənir.
208 şirkəti bir araya gətirən ADEX Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edir. Sərgiyə Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri, eləcə də ilk dəfə İordaniyadan olan şirkətlər qatılıb. Builki sərgidə Türkiyə, Pakistan, Belarus, İran, İsrail, Rusiya da daxil olmaqla 10-a yaxın ölkə milli stendləri ilə iştirak edir. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar.
Ümumilikdə isə 2 mindən çox silah-sursat və hərbi texnika nümayiş olunur.
“ADEX-2022” sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və sair sektorlar təmsil olunur.
ADEX-lə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərinin nümayiş etdirildiyi 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə (Securex Caspian) sərgisi də keçirilir. Qeyd olunan sərgi Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur. Bu sərgi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək göstərəcək. “Securex Caspian” sərgisində siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və sair bölmələr təqdim olunur.
ADEX və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərinin minalardan təmizlənməsi mövzusunda, pilotsuz sistemlərinin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və başqa aktual mövzular üzrə sessiyalar keçiriləcək. Həmçinin sərgi çərçivəsində startapların təqdimatları nəzərdə tutulub. Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək. Sərginin proqramı ilə www.adex.az/ rəsmi internet saytında tanış olmaq olar.