Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 Sentyabr, 2024 10:00 343

“ADEX-2024” və “Securex Caspian” sərgiləri başa çatıb

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakıda keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi başa çatıb.

Sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində baş tutan sərgilərin açılış mərasimində müdafiə sənayesi naziri Vüqar Mustafayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubunu oxuyub.

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ADEX-2024” və “Securex Caspian” sərgilərini ziyarət edib. Müdafiə sənayesi naziri V.Mustafayev dövlətimizin başçısına sərgilər haqqında məlumat verib.

Üç gün davam edən beynəlxalq tədbir zamanı nazir V.Mustafayev və MSN-in rəhbər şəxsləri bir çox ölkələrin nümayəndə heyətləri ilə görüşüblər. Türkiyə, Pakistan, Serbiya, İsrail, Rumıniya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Belarus, Qətər və digər ölkələrin nümayəndələri ilə keçirilən görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişafı haqqında müzakirələr aparılıb, beynəlxalq sərgilərdə fəal iştirakın əhəmiyyəti vurğulanıb.

Sərgilər zamanı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şikətlər arasında sənədlər, MSN-in tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb, bir çox mövzularında panel müzakirələr aparılıb.

Qeyd edək ki, 2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgilərinin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirib. Belə ki, sərgilər bu il artıq “Bakı Ekspo Mərkəzi”nin yeni istifadəyə verilmiş 4-cü zalı da daxil olmaqla bütün qapalı, eləcə də açıq sahəsini əhatə edib.

Tədbirdə 40 ölkəni təmsil edən 218-dək şirkət iştirak edib, 14 ölkə milli pavilyonla təmsil olunub.

Sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 193 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib.