24 Sentyabr, 2018 13:47
784
“ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi ilə bağlı mətbuat konfransı keçirildi
Sentyabrın 24-də Hyatt Regency mehmanxanasında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan ”ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisinin açılışına dair mətbuat konfransı keçirildi. Mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə bağlı yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə geniş məlumat verdi.
Nazir müavini bildirdi ki, Azərbaycanda üçüncü dəfə təşkil olunan “ADEX” Beynəlxalq müdafiə sərgisində dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edəcək. Sərgidə Azərbaycan, Türkiyə, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya və Ukraynanın aparıcı şirkətlərindən ibarət 11 milli stendin iştirakı nəzərdə tutulur. Tədbirə qatılan bir sıra ölkələr əvvəlki sərgilərlə müqayisədə bu sərgidə öz milli ekspozisiyalarının sahəsini böyüdüblər. Sərgidə təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə daxil olan ölkələr sırasına Türkiyə, Rusiya, İsrail və Belarus daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.
Sərgini dünyanın 23 ölkəsini təmsil edən 34 yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ziyarəti nəzərdə tutulur. Misir, Qazaxıstan və Özbəkistan “ADEX” sərgisinə nümayəndələrini ilk dəfə göndərən ölkələr arasında yer alırlar. “ADEX-2018” sərgisində bu qədər ölkədən rəsmi nümayəndə heyətin və şirkətin iştirak etməsi Azərbaycanın regionda və dünyada dinamik inkişaf edən dövlət olmasının bariz nümunəsidir.
Sərgidə xarici şirkətlərlə yanaşı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin istehsalat birlikləri və zavodları, o cümlədən ANAMA agentliyi əsas rol oynayır. Bundan başqa, bu il respublikamızdan Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” Elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə təmsil olunacaqlar.
Nazir müavini bildirdi ki, “ADEX-2018” sərgisi sentyabrın 25-də öz işinə başlayacaq və üç gün davam edəcək.
Tədbirdə Yəhya Musayev KİV nümayəndələrinin suallarını da cavablandırdı.
Bildiririk ki, “ADEX-2018” sərgisinin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti iştirak edir.
Sərgi ilə bağlı əlavə məlumatları www.adex.az veb-saytından əldə etmək olar.