Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 Sentyabr, 2016 10:00 1485

"ADEX-2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışı oldu

 Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışı oldu.

Açılışda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir sıra ölkələrin müdafiə nazirliklərinin nümayəndələri iştirak edirdilər.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Respublika Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxudu.

Müdafiə sənayesi naziri Yavər  Camalov Respublika Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına göndərdiyi təbrik məktubunda qeyd olunan xoş sözlərə görə ölkə başçısına təşəkkürünü bildirdi.

Yavər Camalov “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak edən nümayəndə heyətlərini, iştirakçı şirkətlərin nümayəndələrini və digər qonaqları salamladı, sərgi çərçivəsində keçiriləcək görüşlərin hər kəs üçün uğurlu olmasını arzuladı.

Bildirdi ki, bu çür sərgilərin regionumuzda keçirilməsi artıq ənənə halını almışdır. Belə ki, Cənubi Qafqaz regionunda yerləşən ölkələr müstəqilliklərini elan etdikdən və BMT tərəfindən tanındıqdan sonra milli təhlükəsizliyə, ölkədaxili sabitiliyin qorunub saxlanılmasına böyük əhəmiyyət verirlər.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında   nəzərdə tutulmuşdur ki, “Milli müdafiə siyasətinin mühüm elementlərinidən biri, iqtisadiyyat və müdafiə arasında optimal qarşılıqlı nisbətin bərqərar edilməsi və milli müdafiə sənayesinin inkişaf etdirilməsidir. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın hər cür inkişafı müstəsna əhəmiyyət kəsb edir.” Qeyd olunan müddəaların reallaşdırılmasında beynəlxalq sərgilərin keçirilməsi mühüm rol oynayır.

Ümumimilli lider Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi illərdən bu günə qədər uğurlu inkişaf yolu keçmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti nəticəsində ölkədə siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilmişdir.

Qeyd etdi ki, müasir dövrdə dünyada baş verən hadisələr, o cümlədən siyasi və iqtisadi böhranlar müəyyən zaman çərçivəsində təkrarlanır. Müstəqil Azərbaycan da ötən müddət ərzində bir neçə dəfə belə hadisələrin şahidi olmuş və hər dəfə yaranmış  vəziyyətdən uğurla çıxmışdır. Ötən ilin sonunda dünyada baş verən siyasi qarşıdurmalar nəticəsində yaranmış  iqtisadi  böhrandan qısa müddətdə çıxmaq  üçün Respublikası Prezidenti  tərəfindən verilmiş qərarlar ölkədə yeni qlobal sosial, iqtisadi islahatların başlanmasına təkan verdi.

Artıq bu islahatlar öz nəticəsini verməkdədir. Eləcə də, digər sahələrdə olduğu kimi ordu quruculuğunda islahatlar aparılmış, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu gün Azərbaycan Ordusu regionda ən güclü ordular sırasındadır.

Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran hədəflərin düzgün müəyyən edilməsidir. Müstəqil Azərbaycanın son illərdə ictimai həyatının bütün sahələrində əldə etdiyi uğurlar da konkret məqsədlərə yönəlmiş çevik iqtisadi siyasətin nəticəsidir.
 
Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı yüksələn templə inkişaf edir. Dövlət başçısının düşünülmüş siyasəti nəticəsində böhrana qarşı görülən uzunmüddətli və qabaqlayıcı tədbirlər öz bəhrəsini vermişdir.  

Belə ki, son 12 ildə ölkədə ümumi daxili məhsul 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır. Bu müddətdə,   dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5 dəfə, pensiyalar 7 dəfə, əhalinin əmanətləri 27 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi  44,7 faizdən  5 faizə, işsizliyin səviyyəsi isə 4,8 faizə enmişdir. Yeni iş yerlərinin yaradılması istiqamətində görülmüş tədbirlər nəticəsində 1 milyon 500 min iş yeri açılmışdır.

Əldə olunmuş nailiyyətlər növbəti illərdə də iqtisadiyyatın davamlılığının təmin edilməsi üçün zəmin yaratmışdır.

Bu məqsədlə qəbul edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” bütünlükdə ölkənin sənaye infrastrukturunun, o cümlədən, müdafiə sənayesi sahəsinin də hərtərəfli inkişafını təmin edəcəkdir.

Ötən gün Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Ümumxalq səsverməsi - Referendum baş tutmuşdur.  Referendumun keçirilməsində əsas məqsəd ölkədə insan hüquq və azadlıqlarının qenişləndirilməsi , dövlət idarəetmə mexanizminin daha da təkmilləşdirilməsidir ki, bu da  ölkədə baş verən  dayanıqlı inkişaf proseslərindən irəli gəlir.  

Bu gün öz işinə başlayan “ADEX-2016” Beynəlxalq müdafiə sərgisində dünyanın 44   ölkəsindən 250-yə yaxın  şirkət və rəsmi heyət iştirak edir. Sərgidə çoxlu sayda ölkələrin, şirkət və özəl qurumlarının iştirak etməsi onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyi  qısa müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanmışdır. Hazırda dünyanın 45  ölkəsinin hərbi sənaye kompleksinin və digər aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq  yaratmağa nail olunmuşdur.

2014-cü il sərgisində 168 adda məmulat nümayiş etdirildiyi halda, bu gün sərgilənən məmulatların sayı 260-dır. Qısa müddətdə 100-ə yaxın məmulatın istehsalı mənimsənilmişdir.

“ADEX-2016” sərgisində ilk dəfə nümayiş etdirilən məmulatlar sırasında mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantlarını, yeni növ atıcı silahları, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşınını, döyüş sursatları və onların partladıcı başlıqlarını və s. göstərmək olar.  Hazırda 125 məmulatın yaradılması üzrə təcrübi konstruktor işləri uğurla davam etdirilir.  

Yavər Camalov bu tədbirin dünyada sülhə, təhlükəsizliyə xidmət edəcəyini və uğurlu əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyini ümid etdiyini bildirdi.

Sonda nazir tədbirin uğurlu keçməsi üçün çalışan hər bir kəsə və xüsusilə Təşkilat Komitəsinə öz təşəkkürünü bildirdi.