Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
22 Sentyabr, 2016 15:00 1537

"ADEX-2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə bağlı mətbuat konfransı keçirildi

Sentyabrın 22-də “Hilton Baku” otelində Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü ilə təşkil olunan "ADEX-2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışına dair mətbuat konfransı keçirildi.

Tədbirdə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev  “ADEX-2016” Beynəlxalq müdafiə sərgisi ilə bağlı yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə  geniş məlumat verdi.

Bildirdi ki, “ADEX-2016” sərgisinin keçirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin  təşəbbüsü ilə aidiyyəti qurumlarla birlikdə təşkilat komitəsi yaradılıb.  Nazirlik tərəfindən sərginin tanıdılması məqsədi ilə xarici ölkələrdə təbliğat işləri aparılıb, beynəlxalq şirkətlər sərgidə iştiraka dəvət edilib. Artıq sərginin təşkili ilə bağlı işlər yekunlaşıb. Sərgi sentyabrın 27-də öz işinə başlayacaq və dörd gün davam edəcək.

Nazir müavini qeyd etdi ki, “ADEX-2016” sərgisində dünyanın 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edəcək. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Sərgidə bu qədər şirkətin iştirak etməsi Azərbaycanın regionda və dünyada dinamik inkişaf edən dövlət olmasını göstərir.

“ADEX-2016” sərgisində Müdafiə Sənayesi Nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar da nümayiş etdiriləcəkdir.

Yəhya Musayev bildirdi ki, Respublika Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda məmulatla təmsil olunurdusa “ADEX-2016” sərgisində 260 addan çox müdafiə təyinatlı məmulat nümayiş etdirəcəkdir.

Ötən sərgidə müşahidə olunan böyük marağı nəzərə alaraq bu sərgidə - “ADEX-2016” sərgisində iş müddəti bir gün artırılaraq dörd günə qaldırılıb.

Tədbirdə nazir müavini KİV nümayəndələrinin suallarını da cavablandırdı.