Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
30 Sentyabr, 2016 16:14 746

“ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi başa çatdı

Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda keçirilən “ADEX-2016” ikinci Beynəlxalq müdafiə sərgisi öz işini başa çatdırdı.

Dörd gün davam edən sərgidə Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və s. daxil olmaqla dünyanın 44 ölkəsindən 250-yə yaxın rəsmi heyət və şirkət iştirak edirdi.

Sərgidə 10 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, Çexiya, İsrail və Serbiya milli pavilyonları ilə təmsil olundular. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Azərbaycan Milli Pavilyonu Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatları nümayiş etdirdi. İki il öncə Azərbaycanda keçirilən “ADEX-2014” birinci Beynəlxalq müdafiə sərgisində 168 adda müdafiə təyinatlı məmulatla təmsil olunan MSN “ADEX-2016” sərgisində 260 adda məmulat nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubu ünvanlaması və sərgidə şəxsən iştirak etməsi “ADEX-2016”-nın əhəmiyyətini daha da artırdı.

Ölkə başçısı ziyarət zamanı MSN-in stendində oldu və nümayiş etdirilən məmulatlarla yaxından tanış oldu. Respublika Prezidenti hərbi-texniki əməkdaşlıq üzrə məsələlərin müzakirə edilməsi üçün nüfuzlu platforma kimi, bu sərginin əhəmiyyətli rolunu xüsusi vurğuladı.

Sərgini ziyarət edənlər arasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər güc qrumlarının rəhbərləri də iştirak edirdilər.

Sərgi çərçivəsində müdafiə sənayesi naziri Yavər Camalovun sərgiyə qatılan ölkələrdən Türkiyənin milli müdafiə naziri, Pakistanın müdafiə sənayesi federal naziri, Serbiyanın müdafiə naziri, Cibutinin müdafiə naziri,  digər ölkələrin rəsmi nümayəndə heyətləri və şirkət rəhbərləri ilə ikitərəfli görüşləri oldu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparıldı.

Görüş zamanı nümayəndə heyətləri tədbirin yüksək səviyyədə təşkil edildiyini, burada iqtisadiyyatın hərbi və müdafiə sahələrini təmsil edən dünyanın bir sıra tanınmış brendlərinin geniş tərkibdə təqdim edildiyini xüsusi vurğuladılar.

Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX-2016” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyi  ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib Silahlı Qüvvələrin istifadəsinə verilməsinə dair memorandum imzalandı.

Müdafiə Sənayesi Nazirliyinin “ADEX-2016” sərgisində nümayiş etdirdiyi məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı.

Sərginin əhəmiyyətini və sərgiyə olan marağı nəzərə alaraq tədbirin dördüncü günü “Açıq gün” oldu.

Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbiçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılmış Xüsusi Texnika və Texnologiya Fakultəsinin tələbələri ilə yanaşı gənclər və  sadə xalq nümayəndələri də var idi.

Tədbirə dörd gün ərzində göstərilən böyük maraq sərginin əhəmiyyətini əks etdirdi.

Sərgiyə yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraq göstərildi.